Son günlər Türkiyədə dollar ucuzlaşmağa başlayıb. FED.az xəbər verir ki, ötən həftənin cümə günü 6,29 lirə olan dollar indiyədək 5% ucuzlaşaraq hazırda 6 lirə ətrafında dəyişir. Öən gün isə dollar hətta 5,96 lirəyə enmişdi.
Dolların zəifləməsinə bir sıra amillər təsir edir. Bura ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrini 2019-cu ilədək artırmayacağı ilə bağlı qərarı, Türkiyənin xarici ticarət rəqəmlərinin bir qədər yaxşılaşması və kəsirin aşağı düşməsi, eləcə də Türkiyədə həbs olunmuş və ABŞ-Türkiyə münasibətlərinin korlanmasına səbəb olmuş rahib Endrü Bransonun azadlığa buraxılacağı ilə bağlı məlumatlar olub.
Maliyyə bazarları üzrə ekspert, «PSG-Kapital» investisiya şirkətinin direktor müavini Cəfər İbrahiml FED.az-a bildirib ki, lirənin bahalaşmasının əsas səbəbi Türkiyədə siyasi risklərin azalmasıdır: «Lirənin bahalaşmasının əsas səbəbi keşiş Bransonun 1 ay ərzində azadlığa buraxılacağı ilə bağlı ABŞ-dan gələn açıqlamalar oldu».
Qeyd edək ki, mübahisəli keşişin işinə Türkiyə məhkəməsi oktyabrın 12-də baxacaq və hazırda bazarlar oradan çıxacaq qərarları gözləyirlər. Yeri gəlmişkən, bu işə baxacaq prokuror bir qədər əvvəl dəyişdirilib və vaxtilə keşişi azad etməkdən imtina edən proküror artıq bahqa vəzifəyə keçirilib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu məsələ ilə bağlı açıqlama verərkən «Bransonun buraxılmasına siyasətçilər qərar verə bilməz» bəyanatı da ekspertlər tərəfindən «qərarı məhkəmə verəcək» mesajı kimi qəbul edilir.
Siyasi təzyiqi zəifləməsi fonunda isə Türkiyənin maliyyə bazarlarında nisbi sabitlik höküm sürür. Bütün bunlar lirənin son vaxtlar dəyər qazanmasına səbəb olub.
Türkiyənin xarici ticarət kəsiri də azalmaqdadır. Avqustun nəticələrinə görə, xarici ticarətdə kəsir iyul ayı ilə müqayisədə 2,5 dəfə azalaraq 2,4 milyard dollara enib.
Bununla yanaşı, ekspert bildirir ki, lirənin qısa müddətdə yüksək dəyər qazanması da mümkün deyil. C.İbrahimlinin sözlərinə görə, Türkiyənin Xəzinə və Maliyyə nazirinin bir qədər əvvəl açıqladığı iqtisadiyyatın 3 illik Orta Müddətli Proqramında (OMP) dolların 2019-cu ildə 6 lirə ətrafında dəyşəcəyi qeyd edilib. İnfilyasiya dərəcəsinin də 2 ildən sonra 1 rəqəmli olacağı gözlənilir. Bu fonda dolların bu ilin sonuna 6-6,50 lirə arasında dəyşəcəyini gözləmək olar.
Bundan başqa, Türkiyədəki vəziyyətə ölkənin böyük xarici borc problemi də təsir edir. Belə ki, bu ilin sonuna Türkiyə dövlət və özəl sektoru ümumilikdə 125 milyard dollar dəyərində xarici borc qaytarmalıdır. Lakin bunun vaxtının uzadılacağı gözlənilir. Bu da xarici borcun faiz dərəcəsinin daha da artacağına səbəb ola bilər. Əvvəl özəl sektor xarici borcu 5% , dövlət isə 4-5% ilə götürə bilirdisə vaxt uzadıldıqdan sonra bunun 9-10%-ə yüksələ biləcəyi gözlənilir.
Türk ekspertləri isə bildirir ki, dollar 5,5 lirəyə qədər zəifləyə bilər. Türkiyənin "Ata İnvestisiya" şirkətinin direktoru Cem Tözgenin
sözlərinə görə, məzənnənin aşağı hərəkəti davam edə və dollar 5,5 lirəyə düşə bilər.
Cem Tözge əlavə edib ki, Yeni İqtisadi Proqram, Prezident Ərdoğanın ABŞ səfəri, həm geosiyasi, həm də ölkə daxili siyastlə bağlı müsbət gözləntilər lirəni dəstəkləyir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Türkiyədə dollar hansı səviyyədə dayanacaq – EKSPERTLƏRDƏN PROQNOZ
15:53
28 Sen 2018