Xəbər verildiyi kimi, Türkiyə ilə Rusiya iki ölkə arasında ticarətdə yerli valyutalardan istifadəyə keçmək barədə razılıq əld ediblər. Bu razılıq bir neçə gün əvvəl dövlət başçıları - Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüşündə əldə edilib.
Eləcə də bax: Nazir: İran və Rusiya qarşılıqlı ticarətdə dollardan - İMTİNA EDİB
İki ölkə bu qərarla dollar asılılığını azaltmaq niyyətindədirlər.
Bəs bu nə qədər realdır və razılaşma hansı ölkə üçün daha sərfəlidir?
İqtisadçı ekspert, FED.az xəbər verir ki, Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə,
Türkiyə ilə Rusiya öz aralarında ticarətdə öz valyutalarını işlətmək istəyirlər. Məsələn Türkiyə Rusiyadan neft-qaz-kömür alanda TL-ni rubla çevirib ödəmə etsin, rus turist də rubl ilə ödəsin.
Oxşar sistem İndoneziya-Malayziya-Tayland-Yaponiya və Braziliya-Paraqvay-Uruqvay-Argentina arasında var. Proses belədir ki, Mərkəzi banklar bəzi bankları bu sistemə qoşur, məzənnəni müəyyən edir və banklar da o məzənnədən ödəmələri həyata keçirir. Mərkəzi banklar da öz aralarında swap anlaşmaları edirlər. Düzdür Türkiyə sistemində elə bil rubl daha çox əhəmiyyət qazanır, çünki Türkiyə ödəmələrində dolların payını azaltmaq istəyir, əvəzində rublu artıracaq.
İkitərəfli ticarətin faydaları çoxdur, Rusiya üçün Türkiyə çox vacib ölkəyə çevrilib, Türkiyə üçün də fürsətlər artıb. Dollardan asılılığı azaltmaları da normaldır.
Amma sistemdə dörd problemi qeyd edim.
Birincisi məzənnə sistemi.
Türkiyə Rusiyaya rubl ilə ödəmə etsə də dolların təsiri qalır, çünki çarpaz məzənnə var – TL-dollar, rubl-dollar məzənnələri ilə rubl-TL məzənnəsi arasında arbitraj olmamalıdır. Rubl dollara qarşı güclənsə, TL dollara qarşı zəifləsə TL rubla qarşı da zəifləyəcək. Rubl dollara qarşı zəifləsə rublu əldə saxlamaq problem olacaq. Rusiyanın rublu güclü saxlamaqda məqsədi elə ətrafdakı ölkələrə “rubl möhkəmdir, ticarətdə istifadə edə bilərsiz” mesajı verməkdir. Türkiyə deyək ki, rubl ilə ödəmə etdi, onda gərək ixracatdan qazandığı avro və dolları rubla çevirə. Rubl güclənsə gərək onda daha çox avro-dollar qazansın. Amma Rus turisti Türkiyədə dollar yerinə rubl xərcləyəcəksə onda bu əlavə dollar haradansa gəlməlidir. Böyük ehtimalla rus turistin verdiyi rublu elə Rusiyaya qaytaracaq, amma bu bəs etmir çünki fərq böyükdür. Türkiyə Rusyaya 6.5 milyard mal satırdısa, Rusiyadan 29 milyarddan çox mal alır. Yəni 20 milyarddan çox fərq var. Bunun da yarısı neft-qaz-kömürdür. Rus turistdən qazandığı bunu örtməz. Gərək Türkiyə Rusiya ilə ticarətdə və gəlirlərdə ödəyən yox, qazanan mövqedə olsun. Rusiya da rublu güclü saxlamağa məcbur olsa bu öz iqtisadiyyatına problem olacaq, idxalı və pul hərəkətini sıxmalı olacaq. Regional rezerv pul olmağın xərcini çəkəcək.
İkincisi, bu ölkələr bir-birinə ticarətdə yetməlidirlər.
Türkiyə Rusiya ilə ticarətdə böyük kəsir verir, amma Avropa ilə ticarətdə qazanır. Amma Rusiya da, Türkiyə də xarici texnologiyadan asılıdırlar və buna da dollar və avro lazımdır. Bir birinə yüksək texnologiya sata bilmirlər. Məsələn Türkiyədə nüvə enerji stansiyası tikilməsi üçün Rusiya əvvəlcədən 5 milyard dollar (15 milyard dollar sonra gələcək) ödəyib, çünki materiallar xaricdən alınmalıdır. Yəni istər-istəməz məcburən avro-dollar qazanma ehtiyacı yüksəkdir. Rusiyanın neft-qaz alımlarına sanksiyalar gəldikcə gəlirləri azalacaq və rublu saxlamaq üçün iqtisadiyyatı daha da sıxmalı olacaq.
Üçüncüsü sanksiyalar.
Türkiyə Səddama qoyulan sanksiyaları, İrana qoyulan sanksiyaları dövlət bankları vasitəsilə (Halkbank) pozan ölkə kimi tanınır. Rusiyaya qoyulan sanksiyaları da bu formada pozmağa çalışacaqlar. Bunu bilən bilir, görən görür. Kiçik miqdarlarda, ya neft-qaz alımları üçün edəndə problem olmur, amma böyüyüb yeraltına (ayaqqabı qutularına məsələn), mürəkkəb sxemlərə gedəndə artıq problem halına çevrilir.
Dördüncüsü və bəlkə ən əhəmiyyətlisi,
iki ölkə bir-birinin büdcə-pul sisteminə güvənməyə başlayır, bu güvən də asılılıq yaradır. Yəni necə ki, Amerikadan asılılıq varsa, qarşılıqlı asılılıq artacaq. Amma ticarətdə kəsir verənin (Türkiyə) asılılığı daha çox olacaq. Rusiyanın maliyyə-monetar sistemində hansısa böyük böhran olanda bunun Türkiyəyə keçmə ehtimalı artır. Deməli FED-dən hansı müdaxilələr gözlənilir və arxayınlıq yaranırsa, Rusiya Mərkəzi Bankından da bu gözləntilər olmalıdır.