SOCAR istiqrazlarına olan tələbin artımı son bir ayda özünü daha aydın göstərir. Qiymətli kağızların ticarətində marketmeyker qismində çıxış edən PSG Kapital şirkətinin ekspertləri bu tendensiyanı qısamüdətli hesab etmirlər. Çünki prosesə təsir göstərən bir neçə mühüm amil var.
Şirkətin direktor müavini Cəfər İbrahimli: «Bu ilk növbədə ölkədəki makroiqtisadi amillərlə bağlıdır. Bura iqtisadiyyatdakı sabitləşmə, dünya bazarında neftin qiymətinin yüksəlməsi, manat üzərində təzyiqin azalması aiddir. SOCAR istiqrazlarına tələbatın artmasının ikinci səbəbi, həm emitentin, yəni SOCAR-ın maliyyə vəziyyətinin sabit olması və öhdəliklərə vaxtında əməl olunması, yəni faizlərin qrafiklə ödənilməsi, həm də istiqrazın yüksək dərəcədə likvid olması, alqı-satqı əməliyyatlarının sürətlə aparılmasıdır».
İstiqraz almaq istəyənlərin çoxalması digər tərəfdən də maliyyə alətləri bazarındakı mövcud vəziyyətlə izah olunur. Çünki SOCAR istiqrazlarının təklif etdiyi gəlirlilik faizi həm bazardakı digər qiymətli kağızlardan, həm də bank əmanətlərindən yüksəkdir. Bu isə SOCAR istiqrazlarını daha cəlbedici edir. Bundan başqa noyabrdan istiqrazlarla repo əməliyyatları aparmaq mümkündür. Bu, istiqraz sahiblərinə əlavə imkan yaradıb.
«Bu o deməkdir ki, siz əlinizdə olan SOCAR İstiqrazlarını bir neçə dəqiqəyə elektron sistemdə avtomatik olaraq girov qoyaraq çox aşağı faizlə – illik 3-3,5%-lə vəsait cəlb edə bilərsiniz. Bu da kağızın güvənliyi və qarşı tərəfin bunu girov maliyyə aləti kimi qəbul etməsi deməkdir. Repoda bu əməliyyavtların açılması artıq vəsaitə ehtiyac olanlara imkan verir ki, bu kağızlarpa girov qoyub lazım olan vəsaitləri cəlb etsin. Bu da öz növbəsində istiqrazların pula görə satış ehtimalını azaldır. Yəni vəsaitə ehtiyacı olan istiqraz sahibinin istiqrazı satmasına ehtiyac qalmır».
Bütün bu amillər SOCAR istiqrazlarının qiymətinin artmasında özünü göstərib. Noyabrın 27-də qiymətli kağızların satış qiyməti hətta 1011 dollara yaxınlaşıb. Son bir ildə istiqrazların təkrar bazarında 121 milyon dollarlıq əməliyyat aparılıb. 5 illik zəmanətlə buraxilan istiqrazlarin ümumi həcmi 100 milyon, nominal dəyəri isə 1000 dollardir. İllik gəliri 5% olan istiqrazlar üzrə hər üç aydan bir faiz ödənişləri həyata keçirilir və əldə olunan gəlirdən vergi tutulmur.
SOCAR İstiqrazlarına tələbat kəskin artıb – SƏBƏBLƏR – VİDEO
11:35
30 Noy 2017