Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, inflyasiyanın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun inkişafı və dərinliyinin artırılması, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir.
FED.az AMB-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış "Makro-iqtisadi dayanıqlılıq" üzrə alt işçi qrupunun bu gün keçirilmiş növbəti iclasında bildirib.
O, makroiqtisadi dayanıqlığın təmin olunmasının iqtisadi artımın davamlı inkişafı, onun xarici və daxili təsirlərə dayanıqlı olması, həmçinin inklüziv və dayanıqlı maliyyə ekosisteminin inkişafının mühüm sütunu olduğunu bildirib.
Sədr 2027–2030-cu illəri əhatə edəcək dövrdə ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi üçün makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin daha da təkmilləşdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması çərçivəsində işçi qrupun müəyyən olunmuş fəaliyyət istiqamətləri və tədbirlər üzrə ötən iclasdan sonra atılmış addımlar və perspektivdə olan məsələlər ətrafında müzakirələr aparılıb.
"Makro-iqtisadi dayanıqlılıq" üzrə alt işçi qrupu ölkə Prezidentinin 30 may 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli sərəncamına əsasən yaradılıb.