2025-ci ilin yanvar-iyul aylarında vergi xəttilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manatdan çox vergi daxil olub.
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, bu, proqnozdan 6% çoxdur. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz artıb.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3 milyon manatdan çox təşkil edib.