Azərbaycanın neft müqavilələrindən daxil olan gəlirlərin toplandığı Neft Fondu qarşıdakı 4 il ərzində də dövlət büdcəsinin əsas donoru olacaq.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərində bildirilir.
Göstəricilərə əsasən 2022-ci ildə Neft Fondundan dövlət büdcəsinə 11 milyard 860 milyon manat köçürüləcək. Bu büdcənin bütün gəlirlərinin təqribən 45%-i deməkdir.
Ümumiyyətlə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlara baxmayaraq qarşıdakı illərdə də neft sektoru, o cümlədən Neft Fondu dövlət büdcəsinin əsas mənbələrindən olacaq.
Üstəlik neft gəlirlərinin tədricən azaldığını nəzərə alanda, gələn il də daxil olmaqla, qarşıdakı 4 ildə Neft Fondundan büdcəyə köçürülən məbləğ fondun öz gəlirlərini üstələyəcək. Başqa sözlə, qarşıdakı 4 ildə də Neft Fondu qazandığından artıq büdcəyə vəsait ödəyəcək.
Belə ki, hökumətin proqnozlarına əsasən 2022-ci ildə Neft Fondundan büdcəyə 11 860 milyon manat, 2023-cü ildə 11 520 milyon manat, 2024-cü ildə 11 180 milyon manat, 2025-ci ildə isə 10 840 milyon manat köçürüləcək.
Bu dövrdə Neft Fondunun gəlirləri isə 2022-ci ildə 9 277 milyon manat, 2023-cü ildə 10 130 milyon manat, 2024-cü ildə 10 196 milyon manat və 2025-ci ildə 10 092 milyon manat təşkil edəcək.
Açıqlanan göstəricilərdə və onunla bağlı hesabatda bildirilir ki, hazırda hökumət qarşısında duran əsas çağırışlardan (yəni hökumətin həll etməli olduğu əsas məsələlərdən) biri, büdcənin neft gəlirlərindən asılılığını azaltmaq və Dövlət Neft Fondunun vəsaitlərini qoruyub saxlamaqdır.
İllər |
Dövlət Neft Fondunun gəlirləri |
Dövlət Neft Fondundan büdcəyə transfert |
2022 |
9 276,67 |
11 860,0 |
2023 |
10 129,83 |
11 520,0 |
2024 |
10 196,23 |
11 180,0 |
2025 |
10 092,40 |
10 840,0 |