Azərbaycanın bağlanmış daha 2 kommersiya bankının ləğvi "Texnikabank" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti 16 ünvanındakı inzibati binada həyata keçiriləcək. Söhbət "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərdən gedir.
Bu barədə Report agentliyinin saytında bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) alınan məlumata istinadən xəbər verilir.
Sözügedən ünvan hazırda ADİF-in ikinci ofisi kimi fəaliyyət göstərir.
"Banklardan biri - "Qafqaz İnkişaf Bankı" bu gündən həmin ofisə köçüb. Yaxın günlərdə "Atrabank"ı da ora köçürəcəyik. Həmin bankların əmanətçilərinə kompensasiya ödənişi də daxil olmaqla bütün məsələlər ikinci ofisimizdə həll olunacaq. Məqsəd ləğvetmə prosesinə daha yaxşı nəzarət etmək, xərcləri azaltmaqdır", - deyə ADİF-dən qeyd ediblər.
Xatırladaq ki, bundan əvvəl "Kredobank" və "Bank of Azerbaijan" ASC-lərin də Fondun ikinci ofisində ləğv edilməsi qərara alınıb və bağlanmış banklar Babək prospektinə köçürülüb. Bu ünvanda eyni zamanda "Texnikabank"ın ləğv edilməsi prosesi gedir.