Azərbaycanda həyat sığortasında yığımlarık kəskin artımı bəzi müəssisələrdə işçilərin kollektiv müqavilə ilə həyatın yaşam sığortasına keçməsi ilə əlaqədardır. FED.az xəbər verir ki, bu barədə sığorta eksperti İlkin İbrahimov bildirib. Onnu sözlərinə görə, bu üsul yüksək gəlirlə yanaşı, müştəriyə sığorta hadisəsi zamanı ödəniş də təmin edir. Amma həyat sığortasına tələbatın kəskin artımı Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin azalmasına səbəb ola bilər. Ekspert yazır:
«Həyat sığortasında yığımlar yüksək sıçrayışla artmışdır. Səbəb rəsmi bildirilməsə də, bazardan xəbəri olan şəxs kimi, bildirirəm ki, bu məsələ Dövlət Sosial Müdafiə Fonduna gedən vəsaitlərin bir hissəsinin əsasən daha çox əmək haqqı alan şəxslərin həyat sığortasına yönəlməsidir. Həyat sığortası qısamüddətli prespektivlər üçün daha yaxşı qazanc və riskin sığortalanması baxımından vətəndaşa sərfəlidir.
Misal üçün hazırda hansısa həyat sığorta şirkəti 500 AZN-dən çox olan əmək haqları üçün kollektiv müqavilələr təklif edirlər. Burada 200 AZN əmək haqqından çıxılmanı DSMF-yə ödəməklə, qalan hissəni özü üçün cəlb edir. Yəni, mən 1000 AZN əmək haqqı alıramsa, 200 AZN-dən DSMF-yə ödəmələr (0.5 % işsizlık sığortası, 3% sosial fond, 14 % gəlir vergisi) etməklə bir tərəfdən digər qalan 800 AZN məbləğindən olan tutulmaları 3-5 illik müqavilələr bağlamaqla fonda gedəcək 17,5% məbləğini həmin müddətin sonunda alacağımızı təmin edirik.
Üstəlik əgər bu müddət ərzində hər hansı sığorta hadisəsinə (ölüm, əlillik dərəcəsinə görə müəyyən olunmuş kompensasiyanın alınmasına) görə sığorta kompensasiyası almaq riskini özündə sığortalayır.
Beləliklə, hesab edirəm ki, illərdir vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qaçmasının səbəbi ortaya qoyulmuşdur. Hazırkı Nazirin yeni olması və bu xüsusiyyətlərə xüsusi önəm verməsi mütləq lazımdır. Daha yuxarı əmək haqqı alanların fonda yox həyat sığortasına üz tutması Fondun fəaliyyətinin gələcəkdə daha riskli olmasına gətirib çıxaracaq. Əgər dönüş yaranmazsa qarşıdakı illərdə Həyat sığortasının daha az gəlirli vətəndaşları özünə cəlb etməsi ilə Fondun fəaliyyətinin iflic olmasına gətirib çıxaracaq».