2021-ci ildə Azərbaycanda maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcək.
Eləcə də bax: Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, maliyyə sabitliyinin qorunması istiqamətində, ilk növbədə, bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi davam etdiriləcək. Prudensial tənzimləmə çərçivəsi sistem risklərinin önləyici qaydada aşkar edilməsinə və preventiv tədbirlərin görülməsinə imkan verəcək.
Kredit təşkilatlarının risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi, banklarda korporativ idarəetmə standartlarının tətbiqi üzrə səylər gücləndiriləcək. Beynəlxalq standartlara uyğun requlyativ çərçivə və banklarda təkmil risk idarəetməsi sektorun sağlamlığını dəstəkləyəcək.
Mərkəzi Bank bildirir ki, pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə tətbiq olunan requlyativ güzəştlərin zərurət olduqda vaxtının uzadılması və vəziyyətdən asılı olaraq modifikasiyası diqqətdə saxlanılacaq.
Bu tədbirlər borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyəti üçündür.