Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 4 kredit ittifaqının lisenziyası ləğv olunub.
FED.az xəbər verir ki, bunlar Şəki şəhərindəki “Küngüt”, Gədəbəy rayonundakı “Qoşabulaq”, Füzuli rayonundakı “S.A.F.” və Qəbələ rayonundakı “Vəndam” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb.
Bundan başqa, Palata Vergilər Nazirliyinin ötən il mayın 3-də dövlət qeydiyyatına aldığı “Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verib. Bununla da, ölkədə BOKT-ların sayı 46-ya çatıb.
Xatırladaq ki, “Kapital Bank” ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox - 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.