Ölkəmizdə inkişafı prioritetləşdirilmiş və sürətlə böyüyən bir sahə olan kənd təsərrüfatı bir çox hallarda riskli və bir o qədər də kiçik və orta sahibkarlıq fəaliyyətində gəlirli sahə kimi dəyərləndirilir. Lakin bütün sahələr kimi, kənd təsərrüfatında da illik müxtəlif iqtisadi, sosial və təbii səbəblərdən qiymətlərdə artıb-azalmalar baş verir. Bu dəfəki məqalədə qeyd olunan risklərin təsiri nisbətən zəif olan və gəlirli fəaliyyət sahəsi olan 5 kənd təsərrüfatı biznesi haqqında məlumat verəcəyik. Bunlar qarğıdalı, sarımsaq, soya əkini, qoyunçuluq və maldarlıqdır.
Qarğıdalı
Taxıllar fəsiləsinə daxil olan bu bitki dənlik və yemlik məqsədlər üçün becərilir. Əldə olunan dən qida sənayesində un, yarma və şəkər istehsalında, bitkinin qalan yaşıl hissəsi isə yemlik silos hazırlanmasında geniş istifadə olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, 2017-ci ilin yanvar-iyun ayları üçün 14 milyon ABŞ dolları dəyərində 70.197 ton qarğıdalı idxal olunmuşdur. Ötən il dənlik qarğıdalının Aran iqtisadi rayonu üzrə məhsuldarlığı 79.4 sent/ha, Quba-Xaçmaz ərazilərində 48,5 sent/ha, Yuxarı Qarabağ iqtisadi rayonunda isə bu göstərici 64,3 sent/ha olmuşdur. Təəssüf ki, bu rəqəmlər dünya üzrə əldə olunan orta məhsuldarlıqdan (100-120 sentiner) çox aşağıdır. Ölkənin şimal regionunda yerləşən Yalama aqroparkın göstəricisini isə bu halda yaxşı qiymətləndirmək olar (140 sentiner). Qarğıdalının bir hektara əkin və yetişdirmə xərci 800-1000 AZN ətrafında dəyişir, bu isə 100 sentiner məhsul götürən fermerin hər hektardan təxminən 2000 AZN gəlir əldə edəcəyini göstərir.
Sarımsaq
Heç şübhəsiz ki, bu tərəvəz son illərin ən gəlirli bitkisinə çevrilmişdir. 2016-cı il üçün 9-10 aylıq əziyyətin və hektara qoyulan 8000-10.000 AZN civarında investisiyanın qarşılığında ortalama 10 ton məhsul əldə edib, bazarda minumum 4 AZN/kq satmaqla böyük gəlir götürüldü. Bu il isə sarımsaq əkilən ərazilərin sahəsin 3-4 dəfə artmışdır. İxrac və idxal göstəricilərinə baxdığımız zaman keçən il ixracın demək olar ki, hamısı Rusiyaya edilmiş və bunu iki formada - sarımsağın üst yaşıl və torpaqaltı soğanağı formasında satılmışdır. Bu isə o deməkdir ki, bir ildə iki dəfə -aprel və may aylarında sahibkarlar bu bitkidən gəlir əldə edə bilmişlər. Cari ildə isə şəxsən tanıdığım sahibkarların 80%-i bu işlə ilk dəfə məşğul olmağa başlamışdır.
Soya
İsti və rütubət sevən soya dənli-paxlalılar fəsiləsinə aid olub qida sənayesi, yem və texniki məqsədlər üçün becərilir. İnkişaf etmiş ölkələrdə bu gün soyadan soya südü və süd məhsulları, yağ və qənnadı məhsulları əldə olunur. Hektara təxminən 35 sentner məhsuldarlığı olan bu bitkinin ölkəmizdəki tələbatı yalnız idxal vasitəsilə təmin olunurdu. Belə ki, cari ilin yanvar-iyun ayları üçün hazırlanmış hesabatda təkcə 5119.1 ton soya paxlasının idxal olunması göstərilmişdir. Bu il isə demək olar ki, ilk dəfə ölkə fermerləri soya məhsulu yığmağa başlamışdır. Doğrudur, tanıdığım bəzi fermerlər bu işdə səhvə yol verərək ya tamamilə məhsul itkisiylə üzləşmiş, ya da ki, az məhsul götürmüşlər. Amma ümumilikdə sevidnirici haldır ki, bu işlə məşğul olan bir çox kiçik və iri sahibkalıq subyektləri işlərində minumum risklə üzləşmək üçün test əkini etmiş və əkinlərini bir çox hallarda professional aqronomlarla planlaşdırmışlar. Bazar qiyməti 200 AZN ətrafında dəyişən soya toxumu (hansı ki, həm də xüsusi azot fiksasiya edən bakteriyalarla qarışdırılmışdır) bir hetara əkilir. Digər xərcləri demək olar ki, ənənəvi paxlalılar və taxıl əkininə bənzər olan bu bitki hektara 2-3 ton arası məhsul verməklə və sahibkara 2500 AZN dəyərində gəlir gətirir.
Qoyunçuluq
Ölkəmizin ət idxalından asılı olduğu və kənd təsərrüfatına göstərilən marağın artdığı bir dövrdə qoyunçuluğun qısa müddətdə qoyulan investisiyanı götürmək və uzun müddətdə gəlirli bir biznes olması baxımından digər aqrar fəaliyyətləri bir çox hallarda üstələyir. 100 dişi qoyun alan bir sahibkarın 1 il ərzində qoyun qidasına diqqət etdiyi təqdirdə (ot və yem qarışıqları, selenium əsaslı qida əlavələri və s.) iki dəfə bala almağı mümkündür. Bu isə 100 qoyunun quzuları ilə birlikdə bir ildə 300 başa çatmağı deməkdir. Bir quzu investisiya ilinin ilk 6 ayında 20-25 kiloqram ola və bugünki qiymətlərlə hesabladığımız zaman təxminən 200 AZN-ə satıla bilər. Bu halda 6-7 ay ərzində 100 qoyunun satışından əldə olunan məbləğ 20.000 AZN deməkdir.
Ətindən, südündən, yunundan və gübrəsindən yararlanması mümkün olan qoyunçuluqda cins tərkibinə xüsusi önəm verilməli və mütəmadi baytar həkim nəzarəti təşkil edilməldiir. (NPC Agro holland mütəxəssislərin məsafədən və fermada məsləhətlərini sizə çatdırır) Ümumiyyətlə qoyunçuluq 10 hektralıq yemlik sahə əkinləri ilə paralel olaraq aparıldıqda bir növ ətin satışına qədər dəyər zənciri ərazinizdə formalaşmış olur. Bu da xərclərinizi və risklərinizi kifayət qədər azaldır.
Maldarlıq
Yuxarıda qeyd etdiyimiz kimi ölkəmiz ət idxalıdan kifayət qədər asılıdır və təxminən 2017-ci ilin yanvar-iyun aylarında 118 milyon dollarlıq diri mal idxal olunmuşdur.
Böyük baş heyvan ferması və avadanlıqlar üçün çox investisiya tələb olunmur. İribuynuzlu maldarlıqda qoyulmuş kapitalın qısa müddətdə yüksək gəlir ilə geri götürülməsi mümkündür. Digər heyvandarlıq sahələrilə müqayisə etdiyimiz zaman ölüm riski nisbətən aşağı səviyyədədir. Ətlik istehsalda 4-5 aylıq heyvanlar alınıb kökəltməyə cəlb edildikdə xəstələnmə kimi problemlərdən fermer özünü sığortalamış olur. Simental, qara alaca, hoilştein kimi cinsləri Aqrolizinq xətt ilə əldə edib südlük və ya ət istehsalı məqsədilə yetişdirdikdə yüksək məhsuldarlıq əldə etmək olur. Ümumilikdə bu heyvanlar üçün düzgün yemləmə, saxlama yerlərinin düzgün mühəndilik əsasları ilə tikilməsi, havanaldırma, sağım işləri kimi məsələlər mütləq şəkildə mütəxəssisin nəzarəti altında həyata keçirilməlidir. (NPC Agro-nun mühəndisləri bu işləri sizin üçün həyata keçirir)