Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə “ağıllı” cihazlardan istifadə 27% təşkil edib.
Rəşad Qasımov: "Kart sahibini eyniləşdirmədən həyata keçirilən təmassız ödənişlər üzrə müəyyən limitlər tətbiq ediləcək"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunmuş "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsal ödənişlərdə kartlardan istifadə artdıqca kiberdələduzların da bu sahəyə marağı artır: “Bu isə o deməkdir ki, biz təhlükəsizlik tələblərini daha çox diqqətdə saxlamalıyıq. Kiberhücumların baş tutmasında vətəndaşların maliyyə savadlılığının aşağı olması mühüm faktorlardan biridir. Nağdsız ödənişlərdən istifadə edən əhalinin, xüsusi hədəf qruplarının bəzi təhlükəsizlik qaydalarını bilməməsi onların vəsaitlərini itirməsi riskini artırır. Bu baxımdan, vətəndaşlar qarşı tərəfin bank nümayəndəsi və ya dələduz olmasını müəyyən etmək üçün bəzi kritik məqamlara diqqət yetirməlidirlər. Fırıldaqçıların əldə etmək istədikləri həssas məlumatlar vətəndaşın şəxsi, bank və kart məlumatlarıdır. İstifadəçilər həmin məlumatların sorğulanması zamanı qarşı tərəfin fırıldaqçı olduğunu müəyyən edə bilərlər”.
Kiberhücumlardan qorunmaq üçün banklara xüsusi tələblərin olduğunu deyən AMB rəsmisi hazırda gücləndirilmiş müştəri autoindentifikasiya qaydalarının hazırlandığını bildirib. Əlavə edib ki, yeni qaydalarda ödənişlərlə bağlı banklara müəyyən limitlər qoyulacaq: “Məsələn, müştəri təmassız ödənişlərdən istifadə edə bilər, lakin emitent bank öz riskini qiymətləndirirək əməliyyatlara və ya gündəlik ödəniş məbləğlərinə limit tətbiq edə biləcək. Əgər əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni “ağıllı” cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edirik”. (Vergilər.az)