Plastik kartların sayının artmasına baxmayaraq, nağdsız ödənişlərin həcmində artımlar o qədər də böyük deyil.
Eləcə də bax: Kartlar ilə hər 100 manatlıq əməliyyatın 72 manatını nağd əməliyyatlar - Təşkil Edib
FED.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, plastik kartların strukturuna diqqət yetirsək, görərik ki, 10 milyon plastik kartın 6 milyonu əməkhaqqı kartlarıdır: "Bu o deməkdir ki, bu gün dövriyyədə olan kartların 60 faizindən çoxu birbaşa dövlət və ya özəl sektor tərəfindən əməkhaqqıların ödənilməsi üçün verilir. Adətən, bu kartlarda vəsaitlərin uzun müddət saxlanılması müşahidə edilmir. Xüsusən, sosial kartlara yüklənən vəsait daha tez nağdlaşdırılır. Eləcə də ümumi plastik kartların cəmi 1 milyonu, təxminən 12 faizi kredit kartlarıdır. Bu isə ondan xəbər verir ki, birbaşa kredit kartı vasitəsilə ödəniş həyata keçirən vətəndaşların sayı çox deyil. Kredit kartlarından daha geniş istifadə etmək üçün kart sahibləri əmin olmaldırlar ki, onlar ölkənin bütün ərazisində xidmət və digər satış obyektlərində rahat alış-veriş edə biləcəklər. Amma reallıq ondan ibarətdir ki, nəyinki rayonlarda, hətta Bakının bir sıra yerlərində belə ictimai-iaşə, xidmət sferasında fəaliyyət göstərən müəssisələr və satış obyektlərində plastik kartlardan istifadə zamanı POS-terminalların işləməməsi və ya digər səbəblər göstərilir. Bu da vətəndaşların bu kartları almasına marağını azaldır".
Ekspert qanunvericiliyə dəyişiklik edilməsini, POS-terminalı olmayan və ya müəyyən səbəblər göstərərək təqdim etməyən sahibkarlara qarşı cəza tədbirlərinin tətbiq edilməli olunmasını təklif edib: "Bu, istehlakçının hüququnun pozulması deməkdir. POS-terminalların istifadəsinin məcburiliyi və bundan istifadə edilməməsinə görə əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, cərimələrin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu halda sahibkar POS-terminaldan istifadə etmək məcburiyyətində qalacaq və vətəndaş öz plastik kartından sərbəst şəkildə istifadə edə biləcək. Nəticədə qeyri-nağd ödənişlərin artması dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərəcək. Fiskal gəlirlərin artmasına və bütövlükdə gizli iqtisadiyyatın leqallaşdırılmasına xidmət edəcək. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər davam etdirilməlidir". (Trend)