2021-ci ilin 1-ci yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22.3% artaraq 15.9 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55.6% artaraq 4.5 mlrd. manat olmuşdur.
Eləcə də bax: Milli Ödəniş Sistemi vasitəsilə 98,5 milyard manatlıq - Ödəniş Əməliyyatları Aparılıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Qeyd edilib ki, ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci ilin I yarımili ilə müqayisədə 6% bəndi yüksələrək 28.1%-ə bərabər olmuşdur.
Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil etməkdədir.Ötən ilin 1-ci yarım ilində bu göstərici müvafiq olaraq 22 və 78 manat təşkil edirdi. Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin I yarımilində elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40.3% artaraq 43.2 mln. ədəd, həcmi isə 35.6% artaraq 2.4 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2021-ci ilin I yarımili ərzində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 42.7 mln. ədəd, həcmi isə 85.3% artaraq 1.8 mlrd. manat olmuşdur. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin I yarımil göstəricilərini müvafiq olaraq 4.2 və 6.6 dəfə üstələmişdir. (Marja)