Azərbaycan manatının məzənnəsinin sabit olması və ölkədə kreditləşməyə qoyulmuş sərt tələblər riskləri azaldır.
Beynəlxalq reytinq agentliyindən dollar/manat məzənnəsi ilə bağlı - PROQNOZ
FED.az xəbər verir ki, bunu “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib.
Qurum 2025-2026-cı illərdə Azərbaycanda bankların aktivlərinin keyfiyyətinin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
"Yaxın 12-18 ay ərzində əhalinin gəlirlərinin artması və bank fəaliyyətinin mühüm hissəsini təşkil edən qeyri-neft sektorunun genişlənməsi hesabına Azərbaycan banklarının aktivlərinin keyfiyyəti yüksək səviyyədə qalacaq. Nəticədə biznes və ev təsərrüfatlarının kreditə olan tələbi artmaqda davam edəcək", - deyə agentliyin hesabatında qeyd olunub.
“Moody's” bildirir ki, Azərbaycanda problemli kreditlərin (NPLs) payı aşağı səviyyədə qalmaqdadır – bu göstərici 2024-cü ilin sonunda kreditlərin ümumi məbləğinin 2,4 %-ni (2023-cü ildəki 2,6 %-ə və 2022-ci ildəki 3,8 %-ə qarşı) təşkil edir. Problemli kreditlərin ehtiyatlarla əhatə olunma səviyyəsi isə 200 %-i ötür.
"Manatın sabit məzənnəsi və istehlak kreditləşməsi ilə bağlı sərt tənzimləyici tələblər risklərin azaldılmasına kömək edir. Xarici valyutada kreditlərin payı 2024-cü ilin sonuna 16 %-ə qədər (2020-ci ildə qeydə alınmış 30 %-ə qarşı) azalıb.
Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı kreditləşmənin artım tempinin sürətlənməsinə cavab olaraq 0,5 % həddində kontr-tsiklik kapital buferi (1 mart 2025-ci il tarixindən qüvvəyə minir) tətbiq edir”, - hesabatda bildirilib.
“Moody's” hesab edir ki, Azərbaycanın bank sektoru tənzimləyicinin yeni tələblərinə tez uyğunlaşa biləcək. (Report)