Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatı
“Maliyyə xidmətləri” ilə bağlı 2023-cü il üzrə Yol Xəritəsi - TƏQDİM EDİLİB
2022-ci ildə Mərkəzi Bankın fəaliyyət mühiti qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına çoxtərəfli təsirləri ilə xarakterizə olunur. Qlobal tələbin təklifdən daha yüksək templə bərpası, dünya birja əmtəələrinin qiymətlərinin və ticarət tərəfdaşı ölkələrində inflyasiyanın kəskin dəyişkənliyi, eləcə də təchizat-logistika xərclərinin yüksəlməsi ölkə daxilində inflyasiyaya təsir etmişdir. Tədiyə balansı və daxili iqtisadi aktivliyin dəstəklənməsi baxımından isə xarici mühit Azərbaycan üçün əsasən əlverişli olmuşdur. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif genişlənmiş və ölkənin strateji valyuta ehtiyatlarının artımı davam etmişdir.
Cari ildə pul siyasəti monetar amillər vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilmişdir. Monetar amillər məcmu tələbin izafi artımını məhdudlaşdırmışdır. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın amilləri, eləcə də risklər balansı nəzərə alınmaqla qəbul olunmuşdur. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar verilmiş, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılmışdır. Qeyd olunan tədbirlər pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət etmişdir. Cari ildə ilk dəfə banklararası faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlamışdır.
Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəkdir. 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcəkdir. İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
I. 2022-Cİ İLDƏ PUL SİYASƏTİ
1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti
2022-ci il dünyanın tədricən pandemiyadan çıxdığı dövrdə geosiyasi gərginliyin yüksəlməsi, dünya birjalarında əmtəə qiymətlərinin və ticarət tərəfdaşı ölkələrində inflyasiyanın artımı, qlobal dəyər zəncirindəki problemlərin qalması və bu proseslərin qlobal iqtisadiyyata təsirləri ilə xarakterizə olunur. Mürəkkəbləşən qlobal mühitdə inflyasiya təzyiqləri güclənsə də, Azərbaycanda xarici sektor göstəriciləri yaxşılaşmış, iqtisadi artım tempi yüksəlmişdir.
Dünyada iqtisadi aktivlik 2022-ci ildə azalma meyilli olmuşdur ki, bu da əksər ölkələrdə inflyasiyanın hədəfləri üstələməsi, maliyyə şərtlərinin sərtləşməsi və geosiyasi gərginliklə izah olunur. Son meyilləri nəzərə alaraq il ərzində beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişmişlər. Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ilin oktyabrında dərc etdiyi hesabatında qlobal artımın 2022-ci ildə 3.2% olacağı proqnozlaşdırılır ki, bu da yanvar proqnozuna nəzərən 1.2 faiz bəndi azdır.
Qlobal tələbin təklifdən daha yüksək templə bərpası və geosiyasi qarşıdurma, qarşılıqlı sanksiyalar dünya əmtəə qiymətlərində, xüsusilə enerji və ərzaq qiymətlərində I rübdə rekord artımlara səbəb olmuşdur. Beynəlxalq təşkilatların məlumatlarına görə, cari ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə enerji qiymətləri 106% (Dünya Bankı), ərzaq qiymətləri 34% (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO) yüksəlmişdir. İlin sonuna doğru qiymət artımları tədricən səngisə də, yüksək olaraq qalır.
Brent markalı neftin orta qiyməti 2022-ci ilin 11 ayında 100.9 ABŞ dolları təşkil etmişdir ki, bu da əvvəlki ilin orta qiymətindən (71 ABŞ dolları) 42% çoxdur. Təbii qazın qiyməti də cari ildə rekord həddə çatmışdır.
Birja əmtəələrinin kəskin bahalaşması şəraitində cari ildə dünyanın əksər ölkələrində gözləniləndən daha yüksək və qalıcı inflyasiya müşahidə edilmişdir. Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən olmuşdur. Noyabrda Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 20% olmuşdur.
Yaranan yeni qlobal iqtisadi reallıqların ölkə iqtisadiyyatına təsirləri birtərəfli olmamışdır. Bir tərəfdən yüksək qlobal əmtəə qiymətləri və daşınma-logistika xətlərində problemlərin artması Azərbaycanda da inflyasiya təzyiqlərini artırmışdır. Digər tərəfdən Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərmişdir.
9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranmışdır. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam etmişdir. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 mlrd. ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 mlrd. ABŞ dolları artaraq 59.8 mlrd. ABŞ dollarına çatmışdır.
2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalmış, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olmuşdur.
2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 9.2% artmışdır. Qeyri neft-qaz sektorunun ticari sahələri olan qeyri neft-qaz sənayesində 5.3%, kənd təsərrüfatında 3.4%-lik artım baş vermişdir.
İqtisadi aktivliyin yüksək qaldığını Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi də təsdiqləyir. Monitorinqə görə cari ilin 11 ayında biznes inamı indeksinin orta göstəricisi qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında ötən ilin eyni dövrü ilə müqayisədə yaxşılaşmışdır. Qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi ötən ilin eyni dövrünə nəzərən yüksəlmişdir.
2022-ci ildə məcmu tələbin bütün komponentləri iqtisadi artımı dəstəkləmişdir. Məcmu tələbin genişlənməsi müxtəlif sektorlarda özünü fərqli göstərmişdir. 2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən cəmi istehlakın əsas göstəricisi olan pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, qeyri-neft investisiyalarının həcmi isə 24.5% artmışdır. Son rüblər istehlakçı inamı indeksinin yaxşılaşması qeydə alınmışdır. Qeyri-neft ixracı isə 11 ayda ötən ilin müvafiq dövrünə nəzərən 13.9% artmışdır.
Cari ildə dövlət tələbi məcmu tələbin başlıca mənbələrindən biri olaraq qalmışdır. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrünə nəzərən 16.4%, o cümlədən cari xərclər 11.6%, əsaslı xərclər 39% artmışdır. 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə dövlətin investisiya xərclərinin artırılması cari ilin 11 ayında iqtisadi aktivliyə əlavə dəstək vermişdir.
1.2. 2022-ci ildə həyata keçirilən pul siyasəti və onun nəticələri
2022-ci ildə pul siyasəti adekvat monetar şərait vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilmiş, pul siyasəti ilə məcmu tələbin izafi artımı məhdudlaşdırılmışdır. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması ilk dəfə faiz dəhlizinin banklararası bazara təsir göstərməsinə imkan vermişdir.
Rəsmi statistikaya görə, illik inflyasiya 2022-ci ilin noyabrında 15.1% (2022-ci ilin noyabr ayı 2021-ci ilin noyabr ayına nəzərən) təşkil etmiş, orta illik inflyasiya isə 13.8% olmuşdur. Baza inflyasiya1 noyabrda illik 14.7% təşkil etmişdir. 11 ayda orta illik baza inflyasiya 11.4% olmuşdur.
2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Noyabrda inflyasiya illik əsasda ərzaq məhsulları üzrə 20.1%, qeyri-ərzaq məhsulları üzrə 12.1%, xidmətlər üzrə 10.7% olmuşdur.
Təhlillər göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. İdxal üzrə illik qiymət indeksinin artımı 10 ayda 22.1% olmuşdur ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərmişdir. Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırmışdır.
Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir etmişdir. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9%-i inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artmışdır.
Hesabat dövründə tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir etmişdir ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləmişdir. 2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7.9% bahalaşmışdır ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir etmişdir. Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10% bahalaşması inflyasiyanı təqribən 3% bəndi azaldır.
2022-ci ildə Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair qərarlar qlobal iqtisadiyyatda proseslər, xarici və daxili risklərin reallaşma səviyyəsi, yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul edilmişdir. 2022-ci ilin ötən dövründə faiz dəhlizi parametrləri sonuncu dəfə dekabrda olmaqla 9 dəfə müzakirə edilmişdir. İl ərzində uçot dərəcəsinin 7.25%-dən 8.25%-ə, dəhlizin yuxarı həddinin 8.25%-dən 9.25%-ə qaldırılması ilə bağlı qərarlar qəbul edilmişdir. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi ilə bağlı faiz dəhlizinin aşağı həddi 1 sentyabr 2022-ci ildən 6.25%-dən 4%-ə endirilmişdir. Dəhlizin aşağı həddinin azaldılması bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılmışdır. Lakin öncədən verilən açıqlamaya uyğun olaraq dəhlizin eninə baxılmış, dəhlizin aşağı həddi oktyabr ayının sonunda 5%-ə, dekabr ayında isə 6.25%-ə qaldırılmışdır.
Mərkəzi Bank öz əməliyyatları ilə dövr ərzində pul təklifinin izafi artımını məhdudlaşdırmağa çalışmışdır. 2022-ci ilin 11 ayında manatla pul bazası 7.3%, manatla geniş pul kütləsi (M2) isə 20% artmışdır.
Hesabat dövründə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Pul siyasətinin yeni alətlərinin tətbiqinə başlanılmışdır. Bu istiqamətdə daimi imkan alətləri işə salınmış və açıq bazar əməliyyatlarının çeşidi artırılmışdır. Daimi imkan aləti olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının tətbiqinə başlanılmışdır. Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi istiqamətində sterilizasiya məqsədilə zəruri hallarda 1,3,6 və 9 aylıq notlarla yanaşı, 7 günlük repo hərraclarının keçirilməsi məqsədəuyğun sayılmışdır. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq 7 günlük əks-repo hərraclarının keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bankın təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olmuşdur. Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456.6 mln. manat olmuşdur. Mərkəzi Bank 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirmişdir. Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1170 mln. manat təşkil etmişdir.
Yeni əməliyyat çərçivəsi gəlirlik əyrisinin formalaşmasına müsbət təsir etmişdir. Noyabrda orta hesabla gəlirlik 28 günlük notlar üzrə 3.62%, 84 günlük notlar üzrə 4.12%, 168 günlük notlar üzrə 4.39%, 252 günlük notlar üzrə 4.78% olmuşdur.
İnfyasiya təzyiqlərinin artdığı şəraitdə pul təklifinin effektiv tənzimlənməsi üçün məcburi ehtiyat normalarından da daha aktiv istifadə qərara alınmışdır. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə məcburi ehtiyat norması milli valyutada, həmçinin qiymətli metallarda depozitlər üzrə 4%, xarici valyutada cəlb edilmiş depozitlər üzrə isə 5% müəyyən olunmuşdur. 2022-ci ilin sentyabrından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlamışlar.
Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülmüşdür. Bu məqsədlə alternativ əməliyyat platforması təklif olunmuşdur. Manatla banklararası təminatsız kredit əməliyyatlarının "Blumberq" ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minmişdir.
Görülmüş işlər banklararası pul bazarında fəallığın artması ilə müşayiət olunur. "Blumberq" ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlmişdir. Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olmuşdur. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olmuşdur ki, bu da əvvəlki ayla müqayisədə 3.6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi "Blumberq" ticarət platforması üzrə 3974 mln. manat, REPO üzrə 305 mln. manat olmuşdur.
Görülən tədbirlərin nəticəsi olaraq ilk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə olunmuşdur. Banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olmuşdur. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.
Ümumilikdə, yeni əməliyyat çərçivəsinin tətbiqi pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni alətlərin tətbiqi ilə sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir. Eyni zamanda yeni alətlərin tətbiqi və banklararası pul bazarında əməliyyatların aktivləşməsi imkan verəcəkdir ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləyəcəkdir.
Pul siyasətinin effektiv kommunikasiyası hesabat dövründə də diqqətdə saxlanılmışdır. 2022-ci ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri müvafiq analitik şərhlərlə dərc edilmiş, mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmalı rüblük əsasda ictimaiyyətə açıqlanmışdır. Mərkəzi Bankın fəaliyyəti rəsmi internet səhifəsi, habelə yutub, tviter, instaqram, linkdin və feysbuk sosial şəbəkələri vasitəsilə mütəmadi işıqlandırılmışdır. Pul siyasətinin yeni əməliyyat çərçivəsinə keçidlə bağlı xüsusi izahedici sənəd və press-reliz açıqlanmış, bazar iştirakçıları, mətbuat nümayəndələri ilə görüşlər keçirilmişdir. Pul siyasətinə aid məsələlərə dair bir neçə sual-cavab videoları yayımlanmışdır. Müstəqil iqtisadçı ekspertlərlə görüş də keçirilmişdir.
II. 2023-CÜ İL ÜZRƏ PUL SİYASƏTİ
2.1. Makroiqtisadi proqnozlar və gözləntilər
2023-cü ilin pul siyasətinin əsas istiqamətləri növbəti ilə qlobal iqtisadiyyat və maliyyə bazarları, habelə ölkənin xarici, fiskal və real sektorları üzrə proqnozlar nəzərə alınmaqla işlənmişdir.
2023-cü ilə qlobal iqtisadi artıma dair proqnozlar yüksək qeyri-müəyyənliklər şəraitində formalaşır. Epidemioloji vəziyyətin hələ də kövrək olması və məhdudiyyətlərin bərpası riski, ərzaq və enerji qiymətlərində yüksək dəyişkənlik, inflyasiyanın qarşısını almaq üçün mərkəzi banklar tərəfindən həyata keçirilən sərtləşdirici siyasət, ölkələrin yüksək borclanma səviyyəsi, təchizat zəncirində problemlər və geosiyasi gərginliyin davam etməsi qlobal iqtisadi artım gözləntilərinə mənfi təsir göstərir. BVF-nin oktyabr hesabatına əsasən, qlobal iqtisadiyyatın 2023-cü ildə 2.7% artacağı proqnozlaşdırılır ki, bu da daha öncəki proqnozdan 0.2 faiz bəndi azdır. Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə 1.1%, inkişaf etməkdə olan ölkələrdə isə 3.7% olacağı proqnozlaşdırılır. Bəzi analitik mərkəzlər hətta ABŞ və avrozonada resessiya ehtimalının əhəmiyyətli olduğunu bildirirlər.
Geosiyasi gərginlik fonunda növbəti ildə də qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən əsas amillərdən biri olacaqdır. Beynəlxalq təşkilatların son hesabatlarına əsasən, qlobal iqtisadi artımın zəifləməsi dünya əmtəə qiymətlərindəki artımın 2023-cü ilin sonlarına doğru nisbətən səngiyəcəyini gözləməyə imkan verir. Bu da ayrı-ayrı ölkələrdə inflyasiyanın tədricən azalmasına təsir edə bilər. BVF-nin son proqnozlarına görə, 2023-cü ildə dünyada inflyasiya orta hesabla 6.5% olacaqdır ki, bu da 2022-ci ildəkindən 2.3 faiz bəndi aşağıdır. Bununla belə qeyd olunan amillərin qaldığı şəraitdə inflyasiyanın yalnız 2024-cü ildə mərkəzi bankların hədəf dairəsinə geri dönəcəyi proqnozlaşdırılır. Dünyadakı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənlik yaratmaqla inflyasiyanın proqnozdan kənarlaşma riskinin qalmasına gətirib çıxarır.
İqtisadi artımın zəifləməsi qlobal ticarətin dinamikasına da təsir edəcəkdir. Son proqnozlara görə, dünya ticarətinin 2023-cü ildə 2.5% artacağı gözlənilir ki, bu da daha öncə verilmiş proqnozdan 0.7 faiz bəndi azdır. Dünya ticarətinin dinamikasına qlobal borc yükünün həddindən artıq şişməsi, inkişaf etmiş ölkələrdə faizlərin yüksəlməsi, dünya ticarətində dominant rola malik olan dolların bahalaşması əhəmiyyətli təsir edəcəkdir.
Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. Başlıca analitik mərkəzlərin proqnozları əsasında (BVF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s) 2023-cü ilə konsensus qiymət 1 barelə görə 92 ABŞ dolları, o cümlədən BVF tərəfindən 85.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2023-cü ildə iqtisadi artımın zəifləməsi fonunda dünyada neftə tələbin stabilləşəcəyi proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq, Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcəkdir.
2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur.
2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2.2. 2023-cü il üzrə pul siyasətinin başlıca istiqamətləri
2023-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəkdir. Pul siyasəti ilə bağlı qərarlar illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq veriləcəkdir. Növbəti ildə də pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
Pul siyasətinin məqsədi növbəti ildə də qiymət sabitliyinin təmin olunması olacaqdır. İnflyasiya hədəfi üzrə kəmiyyət parametrləri dəyişməz saxlanılır. Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.
Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcəkdir və bu proses gözlənildiyindən daha uzun çəkə bilər.
Pul siyasəti yürüdülərkən inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaqdır.
Növbəti ildə də faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanmış qrafikə (əlavə olunur) uyğun müzakirəsi nəzərdə tutulur. Faiz dəhlizi banklararası qısamüddətli pul bazarında vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinin alternativ dəyəri kimi istifadə ediləcəkdir.
Pul siyasətinin inflyasiyaya zaman intervalı ilə təsirini nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinə dair qərarları proqnoz inflyasiyanın hədəfdən ortamüddətli kənarlaşma səviyyəsindən asılı olaraq qəbul edəcəkdir. Bu zaman faiz, kredit və gözlənti kimi transmissiya kanallarının təsir gücü nəzərə alınacaqdır.
Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-cü ildə Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. Likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən və açıq bazar əməliyyatlarından istifadə ediləcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və müddətinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir.
Pul siyasətinin təkmilləşdirilməsi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına uyğun olaraq "İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması" çərçivəsində həyata keçiriləcəkdir. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaqdır.
Yeni rejimə keçidin baza şərtlərinin formalaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən pul siyasəti alətlərinin və pul bazarının infrastrukturunun təkmilləşdirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bankın faiz dəhlizinin effektivliyinin artırılması, o cümlədən banklararası pul bazarında qısamüddətli faizlərin dəhlizin aşağı həddinə yaxın idarə olunması imkanlarına baxılacaqdır. Mərkəzi Bankda təhlil və proqnozların hazırlanması üçün modellərin modernləşdirilməsi, proqnoz göstəricilərinin çeşidinin genişləndirilməsi xüsusi diqqətdə saxlanılacaqdır. Pul siyasətinin kommunikasiyasının əhatə dairəsinin genişləndirilməsini və aydın olmasını təmin etmək üçün daim işlər aparılacaqdır. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlər ilə aktiv dialoqu davam etdirəcəkdir. Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcəkdir.
İnflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan verəcəkdir.
İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaqdır. İnflyasiyaya qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət arasında koordinasiyanın gücləndirilməsi təşəbbüsləri davam etdiriləcəkdir. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.
Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki
2023-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
1 fevral
29 mart
3 may
21 iyun
26 iyul
20 sentyabr
1 noyabr
20 dekabr
Qeyd olunan tarixlərdən 1 fevral, 3 may, 26 iyul və 1 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.
1 Baza inflyasiya dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən və mövsümi amillərdən təmizlənmiş inflyasiya nəzərdə tutulur.