Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun iclasında Yol Xəritəsinin təqdim edilib.
Azərbaycan Mərkəzi Bankı - UÇOT DƏRƏCƏSİNİ DƏYİŞDİ - FAİZ QƏRARI AÇIQLANDI
Bu barədə FED.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, iclasda İşçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planının layihəsi və 2022-ci il üzrə Fəaliyyət Planından irəli gələrək hazırlanan Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2023-cü il üzrə Yol Xəritəsi (Yol Xəritəsi) ilə əlaqədar məlumat verilib və bu istiqamətdə müzakirələr aparılıb.
Yol Xəritəsi ümumilikdə 3 alt indikatordan, 11 komponent, 47 alt-komponent və 42 tədbirdən ibarətdir. Bu tədbirlərin 18-i dayanıqlı maliyyələşmə, 12-i kredit büroları və reyestrlərin fəaliyyəti, 5-i kreditlərin əldə edilməsinin effektivliyi, 5-i elektron ödənişlər, 2-i isə biznes kreditləri və təminatlı əqdlər üzrə tənzimləmə çərçivəsinin formalaşdırılması ilə bağlı fəaliyyətləri əhatə edir.
İlk olaraq, Dayanıqlı maliyyələşmə istiqamətində nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilmişdir. Bu tədbirlərə yaşıl istiqrazlarla bağlı hüquqi çərçivənin yaradılması, Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin və taksonomiyanın (iqtisadi fəaliyyətlərin təsnifatı sistemi) hazırlanması, yaşıl istiqrazların emissiyası qaydasının hazırlanması, həmçinin iqlim riskinin maliyyə nəzarəti çərçivəsinə daxil edilməsi və yaşıl kreditlərlə bağlı tənzimləmə çərçivəsinin formalaşdırılması tədbirləri daxildir.
Həmçinin, kredit büroları və reyestrlərin fəaliyyəti istiqamətində icrası nəzərdə tutulmuş tədbirlərdən bəhs edilmişdir. Bu istiqamətdə kredit büroları və reyestrlərinə təqdim olunan məlumatların əhatə dairəsinin genişləndirilməsi, borcalanların skorinq modelinin təkmilləşdirilməsi, daşınar əmlakın yüklülüyü reyestrinin əhatə dairəsinin genişləndirilməsi, mülkiyyətin fudisiar ötürülməsi mexanizminin tətbiqi imkanlarının araşdırılması tədbirləri müəyyən edilmişdir.
İclasın davamında kreditlərin əldə edilməsinin effektivliyi, elektron ödənişlər, habelə biznes kreditləri və təminatlı əqdlər üzrə tənzimləmə çərçivəsi istiqamətində nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat verilmişdir. Bu tədbirlər cari vəziyyətin diaqnostikası, maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirilməsi, müvafiq sorğuların keçirilməsi və təkmilləşmə istiqamətində təkliflərin hazırlanması, həmçinin mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dəstək istiqamətlərini əhatə edir.
Görüşdə 2023-cü il üzrə Fəaliyyət Planının layihəsi məqbul hesab olunmuş və Yol Xəritəsi üzrə icraçı qurumlar tərəfindən icra müddətlərinə uyğun olaraq tədbirlərin icrasına başlanılması qərara alınıb.
İclasa Mərkəzi Bankın, Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Maliyyə Monitorinqi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Kredit Bürosunun, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Dövlət Neft Fondunun, “Ensis Hüquq Şirkəti” MMC-nin, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin və “Asiya İnkişaf Bankı”nın nümayəndələri qatılıb.