Növbəti həftə ABŞ Mərkəzi Bankı uçot faizini dəyərləndirəcək. “Moody's Investor Service” Federal Ehtiyat Sisteminin (FES) 2018-ci ildə üç faiz artımına gedəcəyini açıqlayıb. “Moody's”ə görə, Asiya Mərkəzi Banklarının da FES ilə paralel faiz artımına qərar verəcəkləri istisna deyil. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür. Maraqlıdır, Azərbaycanda uçot dərəcəsi dəyişəcəkmi?
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda Mərkəzi Bank birrəqəmli inflyasiya hədəfləsə də, uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır: "Müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikistanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli inflyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslində, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir".