Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edən qaydada dəyişiklik edilib.
FED.az xəbər verir ki, 2012-ci ildən təsdiqlənən Məcburi ehtiyatların norması, hesablanması və saxlanması qaydasındakı dəyişikliyi Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov imzalayıb.
Həmin qaydanın 2.2-ci bəndində aşağıdakı redaksiyada verilib:
– 2.2. Məcburi ehtiyatların norması aşağıdakı kimi differensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir:
-2.2.1. milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;
-2.2.2. xarici valyutada cəlb edilmiş depozitlərin və hesablama bazasının bütün həcmləri üzrə;
-2.2.3. qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə.
Bu günə qədər isə qaydanın bu bəndində qeyd edilirdi ki, “Məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0.5 (sıfır tam onda beş) faiz, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1 (bir) faiz, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0 (sıfır) faizdir”.
Digər dəyişiklik isə həmin qaydanın 3.5-ci bəndində olub. Bu günə qədər bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalı idi.
Yeni qaydaya əsasən, bundan sonra banklar Mərkəzi Bankda istənilən ABŞ dollarında olan müxbir hesabında saxlamalıdırlar.
“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın təsdiq edilməsi barədə