Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatını açıqlayıb.
Eləcə də bax: Mərkəzi Bankın sədri bankların nağdsız ödəniş tariflərini - NƏZARƏTƏ GÖTÜRDÜ
FED.az xəbər verir ki, hesabatın məqsədi maliyyə sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsidir.
Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır.
Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodları, o cümlədən dinamik stress test modellərindən istifadə edilmişdir.
«Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edəcəkdir»-deyə AMB-dən bildirilib.
Hesabatda deyilir ki, 2021-ci il qlobal iqtisadi artımın bərpası və mürəkkəb geostrateji proseslər fonunda təchizat zəncirində problemlər, enerji qiymətlərində dəyişkənlik və dünya ölkələrində inflyasiya təzyiqlərinin artması ilə xarakterizə olunur.
Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə hökumət və Mərkəzi Bank tərəfindən görülən tədbirlər nəticəsində makroiqtisadi və maliyyə sabitliyi təmin edilmişdir.
Pandemiyanın təsirlərinin və risklərin səngiməsi fonunda Mərkəzi Bank tərəfindən requlyativ yumşalma rejimindən çıxış strategiyası hazırlanmış və həyata keçirilmişdir.
İl ərzində bank sektoru qlobal pandemiyanın təsirlərinin səbəb olduğu qeyri-müəyyənliklər şəraitində fəaliyyət göstərməsinə baxmayaraq kənar şoklara qarşı dayanıqlı olmuşdur.
Bunun səbəbi son illər ərzində aparılmış makroprudensial siyasət çərçivəsinin sərtləşdirilməsi, bankların risk menecment və kredit anderraytinq siyasətinin yaxşılaşdırması, likvidlik və kapital mövqelərinin möhkəmləndirilməsi nəticəsində bank sektorunun xarici şoklara qarşı dayanıqlığının artırılması və potensial riskləri absorbsiya potensialının güclənməsi ilə əlaqədardır.
Aktivlərin keyfiyyətində müşahidə olunan müsbət dinamika və kredit təşkilatlarının riskləri daha təkmil idarə etməsi fonunda kredit riskində azalma müşahidə edilmişdir. Ötən illər ərzində yaradılmış məqsədli ehtiyatlar bankların potensial kredit risklərini həzm etmək potensialını yüksəltmişdir.
Bank sektorunun likvidliyi komfort zonada olmaqla mümkün şoklara qarşı dayanıqlıdır. Sektor üzrə ani likvidlik əmsalı minimum normativdən 2 dəfəyə qədər çoxdur. Bank sisteminin valyuta mövqeyi prudensial tələblərə cavab verməklə sistem üzrə məzənnə risklərini azaltmağa imkan verir.
Eyni zamanda, faiz dərəcəsi risklərinin sektorun kapital mövqeyinə təsiri minimaldır. Depozit və kredit portfeli üzrə 2016-cı ildən başlanmış de-dollarlaşma prosesi davam etməkdədir. Bank sistemi mənfəətliliyini qoruya bilmişdir. Sektorun kapital mövqeyi tələb olunan prudensial normativləri üstələyir və potensial riskləri absorbsiya etmək imkanına malikdir.
Pandemiyanın mənfi təsirlərinə baxmayaraq il ərzində sığorta sektorunun əsas maliyyə göstəricilərində artım dinamikası müşahidə edilmişdir.
Bununla belə, bençmark ölkələrlə müqayisədə sığorta sektorunun penetrasiya səviyyəsi aşağıdır. Sığorta sektorunun investisiya portfelini əsasən dövlət qiymətli kağızları və bank depozitləri təşkil edir.
Sığorta şirkətləri dövlət qiymətli kağızlarının 1/3 hissəsinə sahib olmaqla maliyyə sistemində mühüm institusional investor kimi çıxış edir. İl ərzində sığorta sektoru mənfəətliliyini qorumuşdur.
Sektorun kapital mövqeyi tələb olunan prudensial tələbləri üstələyir. Kapital bazarında maliyyə sisteminin vasitəçiliyində rolu digər sektorlarla müqayisədə məhduddur. Dövlət qiymətli kağızları qiymətli kağızlar bazarının əsas drayveridir. Bununla belə, korporativ qiymətli kağızlar bazarı və REPO bazarında müsbət dinamika və meyillər müşahidə olunur.
2021-ci ilin nəticələri üzrə Maliyyə Sabitliyi Hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar: