Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Ortamüddətli Xərclər Çərçivəsinin Tətbiqi” mövzusunda seminar keçirilib.
Eləcə də bax: Maliyyə Nazirliyi 18 milyon manat artıq və əsassız ödənişi - BÜDCƏYƏ QAYTARDI
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirli məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, seminarda Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə planlamasına keçidlə bağlı büdcənin tərtibində iştirak edən təşkilatlar üçün Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatlar təqdim edilib, bu mövzuda müzakirələr aparılıb.
Eyni zamanda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, nazirliklər, komitələr və OMXÇ-nin tərtibində iştirak edən təşkilatların, beynəlxalq qurumların nümayəndələri, alim və ekspertlərin iştirak etdiyi seminarı giriş sözü ilə açan maliyyə nazirinin müavini Azər Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edib, bu tədbirlərin iqtisadiyyatda şəffaflığın və dövlət tənzimləməsinin səmərəliliyinin artırılmasında, vətəndaşlarımızın rifah halının yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
A.Bayramov Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və digər müvafiq sənədlərə əsasən, ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılmasını təmin edən nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidlə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, maliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Aparatında əsas fəaliyyəti OMXÇ-nin hazırlanması, nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsindən ibarət olan Ortamüddətli Xərclər çərçivəsinin hazırlanması Mərkəzi yaradılıb. Nazir müavini həmin mərkəzin sözügedən istiqamətdə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirəcəyinə və nəticəəsaslı büdcə tərtibi mexanizminə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov çıxış edərək Bankla Azərbaycan hökuməti, o cümlədən Maliyyə Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, bu əməkdaşlığın istiqamətlərindən biri kimi, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, nəticəəsaslı büdcə mexanizminə keçidin reallaşdırılması, dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılması baxımından olduqca əhəmiyyətlidir.
Tədbirdə çıxış edən Akademik Ziyad Səmədzadə və digərləri büdcə xərclərinin ünvanlılığının, səmərəliliyinin və nəticəliliyinin təmin olunmasında OMXÇ-nin tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini, bu yeni mexanizmin dövlətin maliyyə resurslarının proqramlar və bu proqramlardan gözlənilən konkret nəticələr əsasında bölüşdürülməsinə və istifadəsinə imkan verəcəyini, büdcə xərclərinin resurs zərfinə və milli xərc prioritetlərinə uyğun planlaşdırılmasını təmin edəcəyini vurğulayıblar.
Daha sonra, Maliyyə Nazirliyi tərəfindən təsdiq olunan OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatlar və onların tətbiqi barədə seminar iştirakçılarına ətraflı məlumat verilib, OMXÇ-nin hazırlanması, eləcə də dövlət büdcəsinin tərtibində tətbiq olunacaq informasiya texnologiyaları həlləri və “Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” (FARABİ) avtomatlaşdırılmış sistemi ilə bağlı təqdimatlar dinlənilib.
Qeyd edək ki, seminarın davamı olaraq, OMXÇ-nin hazırlanması Mərkəzinin mütəxəssisləri tərəfindən 25-28 fevral tarixlərində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində OMXÇ-nin tərtibində iştirak edən təşkilatların nümayəndələri üçün OMXÇ-nin hazırlanması üzrə təfsilatlı təlimatların tətbiqi üzrə təlimlər keçiriləcək.