Türkiyə mərkəzi bankının dünən faiz artırması nəticəsində lirənin məzənnəsi müvəqqəti də olsa sabitləşib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı faizi 125 bənd artıraraq 17.75%-ə qaldırıb. İqtisadçılar faizin 50 bənd qaldırılacağını gözləyirdilər.
Qərardan sonra Dollar 4,45 lirəyə düşüb. Lirə 2 faiz də dəyər qazanıb. İndi isə dollar - 4,5 lirə ətrafında sabitləşıb.
Hazırda 1 avro 5,3 lirə, 1 ingilis funtu isə 6,02 lirəyə bərabərdir. Dünəndən bu yana xarici valyutalar cüzi də olsa bahalaşıb.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankının bəyanatında bildirilib ki, son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinə işarə edir.
“Xarici tələb gücünü qoruyur, daxili tələbat daha mülayim davam etməkdədir. Tələb vəziyyətlərindəki mülayim görünüşə baxmayaraq, inflyasiya risk yaratmağa davam edir. Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini dəstəkləmək məqsədilə sərt pul siyasətinin gücləndirilməsinə qərar verib" – deyə bəyanatda qeyd olunur.
Mərkəz Bank bildirib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir:
"İnflyasiya mənzərəsində açıq bir yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdirş İnflyasiya təsir edən digər proseslər də izlənəcək və lazım olması halında pul siyasəti daha da sərtləşdiriləcəkdir", - bank rəhbərliyi belə deyib.