Nüfuzlu «Standard&Poor’s» Beynəlxalq Reytinq Agentliyi Azərbaycanda maliyyə sisteminin durumu bağlı açıqlama yayıb. Agentlik ökədəki makroiqtisadi şəraiti ümumilikdə doğru qiymətləndirsə də, bir təsbitlə razılaşmaq çətindir: açıqlamada qeyd edilir ki, çevik məzənnə rejimi xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib. Bununla yanaşı FED.az-ın Təhlil Qrupu hesab edir ki, əslində ehtiyatların qorunması idarə olunan məzənnə rejimindən daha çox aşağıdakı amillərlə bağlı olub:
1. 2016-cı illə müqayisədə ölkəyə gələn xarici kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb. 2017-ci ilin 9 ayında alınan xarici kreditlərin həcmi əvvəlki illərdə alınmış kreditlərə görə qaytarılan xarici kreditlərin həcmindən 351.7 mln. USD çox olub və bu vəziyyət ölkəyə xalis valyuta axınını əks etdirir. Halbuki 2016-cı ilin eyni dövründə köhnə illərin xarici kredit borclarına görə ödənişlərin həcmi 9 ayda alınan yeni kreditlərin həcmini 878.3 mln. dollar üstələmişdi və bu vəziyyət ölkədən xalis valyuta çıxışını əks etdirir.
2. 2017-ci ilin 9 ayında aktivlər çərçivəsində “ticarət kreditləri və avanslar” maddəsi üzrə kommersiya müqavilələri əsasında ölkəyə daxil olan və çıxan xarici valyutanın saldosu 1.553 mlrd. dollar təşkil edib və bu ölkədən xalis valyuta axınını əks etdirir. Lakin bu göstərici 2016-cı ilin eyni dövrünə nisbətən 900 mln. dollardan çox (37%) azalıb;
3. Beynəlxalq qiymətli kağızlar vasitəsilə borclanma hesabına ölkəyə valyuta axını 6 dəfədən çox artıb. Belə ki, əgər 2016-cı ilin 9 ayında portfel investisiya formasında Azərbaycanın xalis öhdəlikləri cəmi 481.2 mln. dollar olmuşdusa, 2017-ci ilin eyni dövründə həmin göstərici 2.763 mlrd. dollara çatıb. Göründüyü kimi, təkcə porfel investisiya hesabına 9 ayda ölkəyə daxil olan vəsaitin xalis qalığı ötən ilə nisbətən təxminən 2.4 mlrd. dollar çoxdur. Əldə olunan məlumata görə, bu vəsait Cənub Qaz Dəhlizinin tikintisi və Beynəlxalq Bankın öhdəlikərinin icracı ilə bağlı hökumətin avrobond buraxılışı ilə bağlıdır.
4. Ümumilikdə 2017-ci ilin 9 ayındaxarici kreditlər və borc kağızları vasitəsilə ölkəyə daxil olan vəsaitlərin həcmi bu kanallar üzrə hökumətin ödənişlərini 4.8 mlrd. dollar üstələyib. Halbuki 2016-ci ilin 9 ayında həmin göstərici 2.6 mlrd. dollar olmuşdu. Göründüyü kimi, xarici öhdəliklərin genişləndirilməsi hesabına ölkəyə daxil olan xarici valyuta kütləsinin həcmi 2.2 mlrd. dollar və ya 85% artıb. Eyni zamanda, valyuta axınını şərtləndirən “xalis maliyyə aktivləri”nin həcmi azalaraq 4.455 mln. dollara enib. Başqa sözlə, aktivlər formasında xaricə çıxarılan vəsaitlərin 120 mln. dollar azalıb.
5. Cari hesablar çərçivəsində (mal-əmtəə idxal-ixracı, ilkin və təkrar gəlirlərin saldosu) ölkəyə daxil olan vəsaitlərin həcmi 2 mlrd. dollar artaraq 15.990 mlrd. dollara çatıb. Öz növbədisində, mal ixracından gəlirlər 1 mlrd. dollar, xidmət ixracından gəlirlər 300 mln. dollar, ilkin və təkrar gəlirlər çərçivəsində daxilolmalar 600 mln. dollara yaxın artıb.
Beləliklə, tədiyyə balansının analizi göstərir ki, 2017-cı ilin 9 ayında cari əməliyyatlar və maliyyə hesabı çərçivəsində ölkəyə xalis valyuta axınlarının həcmi 2016-cı ilin 9 ayına nisbətən 5 mlrd. dollar artıb. Ölkənin həm valyuta ehtiyatlarının artımı, həm də məzənnə sabitliyi məhz 2 amillə bağlı olub: xarici öhdəliklərin kəskin artımı və ixrac gəlirlərinin artımı. İxrax gəlirlərinin artımının təxminən yarısı məhz dünya bazarlarındakı əlverişli qiymət konyukturasından dolayı neft gəlirlərinin artımı hesabına təmin edilib.
FED.az-ın Təhlil Qrupu