«FINCA Azerbaijan» qeyri-bank təşkilatı 2016-cı ilin nəticələri ilə bağlı açıqlama yayıb. FED.az xəbər verir ki, 2016-cı ilin nəticələri ilə bağlı təşkilatın hesabıtanda təşkilatın maliyyə vəziyyətinin ağırlaşdığı, hətta mənfi kapitala keçdiyi bildirilir. Bu vəziyyət «FINCA Azerbaijan»ın yaxın vaxtlarda bağlanacağı ilə bağlı məlumatların yaranmasına səbəb olub.
Təşkilatın özündə isə vəziyyəti belə izah edirlər: «2015-ci ilin sonunda ölkədə manatın ikinci dəfə devalvasiyasından sonra bazardakı digər maliyyə qurumları kimi “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı da kredit portfelinin keyfiyyətinin qorunmasında müəyyən çətinliklərlə üzləşdi. Təşkilat 2016-cı ildə əsas diqqətini əməliyyat xərclərini optimallaşdırmağa və işlək olmayan aktivlərin mənfi təsirini azaltmağa yönəltdi. Bütün atılan addımlara baxmayaraq, Təşkilat 2016-cı ildə əsasən gecikmiş kredit portfeli üçün artmış proviziya xərcləri səbəbindən ili zərərlə başa vurdu.
Təşkilat 2016-cı ildən etibarən xərclərini əhəmiyyətli dərəcədə azaltmış və əsas diqqəti səmərəliliyin artırılması istiqamətində cəmləşdirməklə 2017-ci ildə iqtisadi adaptasiya prosesini yekunlaşdıraraq müsbət nəticələr əldə etmişdir.
“FINCA Azerbaijan” hesab edir ki, mürəkkəb dövr artıq geridə qalıb və biznes fəaliyyətinin yenidən yüksəlməsi sayəsində 2018-ci ildə müsbət artımlar olacaqdır. Hazırda Təşkilatın nizamnamə kapitalı bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 10 dəfədən də çoxdur».
Başqa sözlə təşkilat bağlanmayacağını hətta gələn il yüksəliş gözlədiyini açıqlayıb. Xatırladaq ki, FINCA Azerbaijan” “FINCA Impact Finance” qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir. “FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir. Şəbəkənin əsas sahibi aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və qeyri-kommersiya qurumu “FINCA International”dır.
«FINCA Azerbaijan»dan «iflas edəcək» xəbərinə - AÇIQLAMA
15:16
3 Noy 2017