Xəbər verildiyi kimi, bir qədər əvvəl fəaliyyəti dayandırılan «Dəmirbank»dakı qorunan əmanətlərin qaytarılması prossinə başlanıb. Bununla yanaşı, FED.az xəbər verir ki, əmanətlərinin sığortalı olduğunu güman edən bəzi əmanət sahibləri indii pullarını almaqda çətinliklə üzləşiblər. Məlum olub ki, həmin əmanətlərin faizləri müştərilərin xəbəri olmadan bank tərəfindən birtərəfli qaydada artırılıb.
Bu məsələyə iqtisadçı hüquqşünas Əkrəm Həsənov aydınlıq gətirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu ötən ilin sonunda müflis elan edilmiş “Dəmirbank”ın sığortalanmış əmanətlərinin bir qismini də qaytarmaqdan imtina edir. Səbəb olaraq həmin əmanətlərin faiz dərəcəsinin qorunan həddən (15%-dən) artıq olduğu göstərilir.
Qorunan əmanətlərin maksimal fazi dərəcəsi nə qədər olmalıdır?
“Məsələn, vətəndaş 1 illik 15%-lə manat əmanəti qoyub. Müddət bitəndən sonra vətəndaş əmanətini götürməyə gəlməyib və bank birtərəfli qaydada faiz dərəcəsini 15,5%-ə çatdırıb. Xatırladıram ki, milli valyutada qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 15% olduğu üçün sözügedən halda əmanət artıq sığortasız hesab edilir. Eynilə, xarici valyutadakı əmanətlər üzrə maksimal faiz dərəcəsi 3%-dir, onu da müddət bitən kimi guya bank artırıb.”
Hüquqşüna bildirir ki, banklar heç bir halda könüllü olaraq birtərəfli qaydada – əmanətçinin xəbəri belə olmadan, müddəti bitmiş əmanətlər üzrə faiz dərəcəsini artıra bilməz. O iddia edir ki, bu, əmanətin sığortasız qalması üçün həyata keçirilib:
“Bunu ya bank “sağlığında” edib (Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödəməmək üçün), ya da indi Əmanətlərin Sığortalanması Fondu köhnə tarixlə edib ki, əmanətləri kompensasiya etməkdən yayınsın (bunu artıq hüquq-mühafizə orqanları araşdırmalıdır).”
Qanun nə deyir?
Onun sözlərinə görə, bunun kim tərəfindən edilməsindən asılı olmayaraq, həyata keçirilmiş bu faiz artımı qanunsuzdur:
“Belə ki, Mülki Məcəllənin 947.4-cü maddəsinə əsasən əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır. Bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Məlum olduğu kimi, tələbli əmanətin faiz dərəcəsi müddətli əmanətin dərəcəsindən qat-qat aşağı olur. Buna görə də faiz dərəcəsi artmalı deyil, əksinə, azalmalı idi.
Hər bir halda Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə təmin etməlidirlər. Məcəllənin 950.3-cü maddəsinə əsasən bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Buna görə də qorunan (sığortalı) əmanət heç bir halda bankın birtərəfli hərəkəti nəticəsində qorunmayan (sığortasız) əmanətə çevrilə bilməzdi. Vətəndaş müqavilə bağlayarkən əmanətinin qorunan olmasına dair iradəsini birmənalı ifadə edib və sonradan onu dəyişməyib.”
Kompensasiya tələb edin
Hüquqşünas tövsiyyə edir ki, belə halla qarşılaşan əmanətçilər Əmanətlərin Sığortalanması Fondundan əmanətin kompensasiya edilməsini tələb etsinlər. Fond vəzifəsini icra etməsə, məhkəməyə müraciət etsinlər:
“Digər banklarda əmanət saxlayanlar isə bu bankın əmanətçilərinin aqibətindən ibrət alsın və ehtiyatlı olsunlar, o cümlədən müddətin bitməsi məsələsində diqqətli olsunlar. Ümumən isə əmanətçilərə tövsiyəm odur ki, bankla hər hansı danışıqları yazılı formada etsinlər və müraciətlərinin banka təqdim edilməsi barədə təsdiqi saxlasınlar”
«Dəmirbank»ın qorunan əmanətləri qaytarılmır? – FAİZLƏR DƏYİŞDİRİLİB
12:01
12 Fev 2018