Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yüksəltmək trendinə daxil olub və buna nail olmaq üçün neft qiymətlərinin yüksək, dolların məzənnəsini isə ucuz saxlamaqla inflyasiyanı sürətləndirməyə çalışacaq.
FED neftin qiymətini 55-65 dollar/barel, əsas valyuta cütılüyü sayılan USD/EUR-u isə 1,15-1,20 səviyyəsində saxlaya bilsə, ABŞ-da 2018-ci ilin sonu və ya 2019-cu ilin ilk rübündə inflyasiyanın 2-2,5% səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır.
İnflyasiyanın sürətlənməsinə kriptovalyuta bazarının inkişafı da müsbət təsirini göstərəcək. Qlobal kriptovalyuta ticarətindən qısa müddət ərzində əldə olunan yüksək gəlir dünyadakı qiymət səviyyəsi ilə bərabər ABŞ-da inflyasiya göstəricisini artıracaq.
"Report"un analitik qrupu FED-in 2018-ci ildə uçot dərəcəsini hər addımı 0,25 faiz bəndi olmaqla 4 dəfə artıracağını, 2019-cu ildə isə inflyasiyanın sürətlənməsi fonunda addımlarını 2 qat artıraraq 0,5 faiz bəndinə yüksəldəcəyini ehtimal edir.