İqtisadçı Vüqar Bayramov “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin fərmanı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Ekspert FED.az-a açıqlamasında vurğulayıb ki, bu fərman yalnız dollar krediti olan fiziki şəsxlərə aiddir.
Yəni dollarla kredit götürmüş şirkət sahibi, hüquqi şəxs burada nəzərdə tutulan güzəştlərdən istifadə edə bilməz.
Beləliklə, fərmanda söhbət yalnız 10000 dollaradək olan kreditlərdən gedir. Devalvasiyadan əvvəl bu məbləğ manatla 7 min 800 idisə, 2015-ci ildə olan birinci devalvasiyadan sonra 10 min 500 manat, hazırki vəziyyətdə isə 17 min manat edir.
Burada iki dövr nəzərdə tutulur: birinci 2012-ci ilin yanvarından 2015-ci ilin fevralın 21-dək olan kreditlər üzrə dövlət büdcəsindən 0,25 qəpik ödəniləcək. Yəni bu, o deməkdir ki, 10 min dollar götürən vətəndaş o zaman manatla 7800 borclu idisə, birinci devalvasiyadan sonra borcu 10 min 500 manat oldu.
“Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min dollarlıq kreditə 2500 manat güzəşt veriləcək. Bu halda o deməkdir ki, vətəndaş 10 500 manat deyil, səkkiz min manat hesablamaqla həmin krediti qaytaracaq.
İkinci devalvasiyadan sonra, yəni 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə hər dollara 60 qəpik güzəşt tətbiq ediləcək. Bu, o deməkdir ki, borc altı min manat azaldılacaq və əsas borc kimi 17 min manat deyil, 11 min manat əsas məbləğ olaraq ödəniləcək. Ödəniləcək maksimum məbləğ hər fiziki şəxs üzrə beş min dollardan çox olmamalıdır, faizlər isə silinəcək”.
Daha aydın olsun deyə, hər min dollar üzrə güzəşt mexanizmini təqdim edirik:
Tutaq ki, müşətəri 2015-ci il fevralın 21-dək olan dövrdə bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarisində devalvasiya nəticəsində Dollar/Manat məzənnəsi 1.05-ə yüksəldiyindən müştərinin banka borcu Manat ilə ifadədə 1050 manata yüksəlmişdi. Həmin borc uzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcəkdir (1 dollar borca görə 25 qəpik yardım).
Tutaq ki, müştəri 2015-ci ilin 21 Fevral tarixindən sonra (Amma 21 Dekabr 2015-ci il tarixinədək) 1000 dollar (1050 manat) kredit götürmüşdür. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlmiş və müştərinin borc yükü 650 manat artmışdır. Artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcəkdir (1 dollar borca görə 60 qəpik yardım).
Qeyd edək ki, manatla olan digər hissənin ödənilməsi üçün banklar illik 1 faiz olmaq şərtilə, vətəndaşa beş il müddətinə manatla kreditlər veriləcək. Bu məqsədlə Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat kredit xətti açacaq.