Cari ilin 6 ayında qeyri-neft sənaye müəssisələri üzrə Bİİ ö.i.m.d.n. yüksəlib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il avqust ayı açıqladığı Pul Siyasəti İcmalına istinadən xəbər verir.
Bİİ-dəki artım, əsasən, tekstil, plastik məmulatların istehsalı və metallurgiya sektorları hesabına təmin olunmuşdur. Hesabat dövründə ticarət üzrə Bİİ azalıb.
Bİİ ticarətin avtomobil və təsərrüfat malları istehsalı sahələrində artmış, elektrik məişət avadanlıqları və mebel istehsalı sahəsində isə azalıb.
2025-ci ilin yanvar-iyun aylarında xidmət sektoru üzrə Bİİ ö.i.m.d.n. aşağı olsa da, ümumilikdə, yüksək olaraq qalmaqdadır. Xidmət sektorunun əksər alt sektorlarında Bİİ müsbət zonada qərarlaşıb.
2024-cü ilin yanvar-iyun aylarında 0,9% artım göstərən sənaye sektoru, 2025-ci ilin eyni dövründə 1,9% azalma ilə üzləşib. Bu, ümumi iqtisadi dinamikaya təsir edən əsas amillərdən biri olub.
Ötən il iqtisadi artımın aparıcı qüvvəsi olan tikinti sektoru da sürətini əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2024-cü ildəki 18,4%-lik yüksək artım tempi 2025-ci ildə 8,5%-ə enib. Eynilə, nəqliyyat və anbar təsərrüfatı sektorunda da kəskin yavaşlama müşahidə olunur: artım 15,4%-dən 2,7%-ə düşüb. İnformasiya və rabitə sektorundakı artım isə 12,2%-dən 8,4%-ə geriləyib.
Bəzi sektorlarda artım tempi cüzi dəyişsə də, sabitliyini qoruyub. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 2024-cü ildəki 10,3%-lik artımla müqayisədə bu il 10,2% artaraq dayanıqlılığını nümayiş etdirib. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də artım tempi cüzi azalaraq 3,3%-dən 3,0%-ə enib.
Müsbət dinamika isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Ötən il cəmi 0,2% artan bu sektor, 2025-ci ilin ilk yarısında artım sürətini 1,4%-ə çatdırıb.
İqtisadi fəaliyyətin ümumi göstəricisi olan məhsula və idxala xalis vergilər üzrə artım da 8,3%-dən 3,7%-ə düşərək ümumi iqtisadi aktivliyin zəiflədiyini bir daha təsdiq edib.