2025-ci ilin birinci yarımilində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat, xərcləri isə 17 milyard 95,6 milyon manat təşkil edib. Nəticədə, hesabat dövründə büdcədə 2 milyard 708,3 milyon manatlıq profisit yaranıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Təqdimata əsasən, 2025-ci ilin ilk yarısının icra göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə artımla yadda qalıb. Belə ki, dövlət büdcəsinin gəlirləri 2024-cü ilin müvafiq dövrünə (18 milyard 842,8 milyon manat) nisbətən 961,1 milyon manat və ya 5,1% artıb. Büdcə xərcləri isə (2024-cü ilin I yarımilində 16 milyard 52,1 milyon manat) illik müqayisədə 1 milyard 43,5 milyon manat və ya 6,5% çox olub. Büdcə profisiti ötən ilin analoji dövrü ilə müqayisədə (2 milyard 790,7 milyon manat) təxminən 3,0% azalıb.
Cari ilin icra rəqəmləri ilkin proqnoz göstəricilərini də üstələyib. Gəlirlər proqnoza (19 milyard 99,1 milyon manat) qarşı 704,8 milyon manat və ya 3,7% daha çox icra edilib. Xərclər isə proqnozdan (17 milyard 275,9 milyon manat) təxminən 1,0% az olub. Nəticədə yaranan profisit (2 milyard 708,3 milyon manat) proqnozlaşdırılan göstəricidən (1 milyard 823,2 milyon manat) 48,5% daha çox olub.