Maliyyə

“Fors-major yaranıb, kredit ödənişlərimiz təxirə salınsın”

“Fors-major yaranıb, kredit ödənişlərimiz təxirə salınsın” | FED.az
10:07 17 Mart 2020

Hazırda koronavirus ilə bağlı bütün dünyada, o cümlədə ölkəmizdə bir sıra çətinliklər yaranıb. Təhlükəsizlik tədbirləri və dollara tələbin artması ilə bankların qarşısında növbələr yaranıb. Digər tərəfdən, bir sıra şirkətlərin işçiləri ödənişsiz məzuniyyətə göndəriliblər.

Eləcə də bax: Azərbaycanda banklar kredit kampaniyalarını - DAYANDIRIRLAR

FED.az biznes portalı Marja-ya istinadən xəbər verir ki, epidemiya ilə əlaqədar gəlir əldə etməkdə çətinlik çəkən vətəndaşlar banklara kredit borcları üzrə ödənişilərin təxirə salınmasını istəməyə başlayırlar. Bir sıra vətəndaş hesab edir ki, fors-major vəziyyəti yaranıb, epidemiyaya görə gəlir əldə edə bilmirlər. Buna görə, kredit müqavilələrindəki fors-major bəndindən istifadə edilərək vəziyyət sabitləşənə kimi ödənişlərin icrası dondurulmalıdır.

Hüquqşunas Pərviz Məmmədov bildirib ki, fors-major dedikdə kreditin ödənilməsinin icrasının qeyri-mümkün hala gəldiyi başa düşülür:

“Müqavilələrdə fors-major halı nə üçün nəzərdə tutulur. Müqaviləyə görə, fors-major yarandıqda tərəflər öhdəliklərini yerinə yetirməməsinə görə məsuliyyət daşımırlar. Fors major dedikdə tərəflər müqavilə üzrə müəyyən olunmuş öhdəliklərini icra etməkdən tam məhrum olmalıdırlar. Söhbət müştərinin maddi vəziyyətinin pisləşməsindən, işini itirməsindən getmir, konkret olaraq müqavilə öhdəliyini icra edə bilməməkdən gedir.Tutaq ki, müqavilə ilə Gürcüstandan 20 avtomobil gətirib müştəriyə təhfil verməli idim. İndi sərhəd bağlı olduğundan gətirə bilmirəm. Bu vəziyyət fors-major hesab edilə bilər və  sərhəd açılanadək müştəridən möhlət istəmək olar. Kredit öhdəliyi, pul köçürmələrini fors - major ilə bağlamaq doğru deyil.  Sistemlər işləyirsə, krediti evdən də ödəmək olar. İndiki vəziyyətdə müşətəri banka olan aylıq kredit ödənişini filialda ödəyə bilmirsə, bunu onlayn şəkildə həyata keçirə bilər”.

Hüquqşunas əlavə etdi ki, koronavirus ilə əlaqədar ödənişsiz məzuniyyətə göndərildikdə gəlir əldə edə bilməmək də fors-major halı deyil: “Müştəri ödənişsiz məzuniyyətə göndərilibsə, gəlir əldə etməyin digər yollarını axtarmalıdır”.

Qeyd edək ki, bir çox bank kredit müqavilərindəki Fors-major bəndinə öhdəliklərin yerinə yetirilməməsinə “kredit öhədliyinin yerinə yetirilməsi istisa olmaqla” qeydini daxil ediblər.

Eləcə də bax: Gürcüstan bankları müştərilərin kredit ödənişlərinin - VAXTINI UZADIR

Digər xəbərlər