“Fitch Ratings” bu il Azərbaycanda həm icmal büdcənin, həm də cari əməliyyatlar hesabının profisitlə yekunlaşacağını gözləyir.
Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
FED.az xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
Onun sözlərinə görə, neft-qaz qiymətlərinin azalacağı gözləntisinə baxmayaraq, Azərbaycanın fiskal və xarici mövqeyi güclü olaraq qalacaq.
“Bu il icmal büdcə üzrə ÜDM-in təxminən 3,7%-i həcmində profisit, cari əməliyyatlar hesabında isə ÜDM-in təxminən 11%-i səviyyəsində profisit gözləyirik”, – Morales bildirib.
O qeyd edib ki, “Fitch” üçün əsas məsələlərdən biri hökumətin mövcud əlverişli neft-qaz mühitindən necə istifadə etməsi və orta müddətli dövrdə dövlət maliyyəsinin neft gəlirlərindən asılılığını necə azaltmasıdır.
Morales Azərbaycanın fiskal qayda çərçivəsində qeyri-neft ilkin kəsirini azaltmağa çalışdığını və indiyədək bu istiqamətdə göstəricilərin ilkin gözləntilərdən daha yaxşı olduğunu bildirib.
Onun sözlərinə görə, bundan sonrakı əsas məsələ fiskal konsolidasiyanın hansı yolla - qeyri-neft gəlirlərinin artırılması, xərclərin azaldılması və ya hər iki istiqamətdə tədbirlər hesabına həyata keçiriləcəyidir. (Apa)












