Azərbaycan İnvestisiya Holdinqinin (AİH) keçmiş sözçüsü Leyla Sərabi yeni vəzifəyə təyinat alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, L.Sərabi AİH-in idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İcitmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyinat edilib.
Jurnalist və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Leyla Sərabi indiyədək müxtəlif media və dövlət qurumlarında çalışıb. AzTV, Mədəniyyət TV və Publika.az-da fəaliyyət göstərən L.Sərabi daha sonra Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi vəzifəsində çalışıb.
O, 6 yanvar 2026-cı ildə Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Bundan sonra isə fəaliyyətini “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də davam etdirəcək.
Xatırladaq ki, ölkənin əsas pambıq tədarükü və emalı şirkətlərindən olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti xam pambığın istehsalı, fermerlərdən tədarükü və emalı, eləcə də pambıq məhsullarının satışıdır.
Şirkətin strukturunda Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda pambıq emalı zavodları, Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər və Goranboyda istehsal və tədarük məntəqələri, həmçinin Biləsuvarda Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.
Hazırda Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq” 79 min tondan çox xam pambıq tədarük edib. 2026-cı ilin ilk yarısında isə şirkət 34 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib və ixrac gəlirlərini ötən ilin eyni dövrü ilə müqayisədə 75% artırıb.
Şirkətin fəaliyyəti təxminən 3 min əməkdaşı və 3 152 fermeri əhatə edir.












