Azərbaycan Mərkəzi Bankı (AMB) son illərdə pul siyasəti çərçivəsinin və transmissiya mexanizminin gücləndirilməsi istiqamətində irəliləyiş əldə edib.
Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
FED.az xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.
O qeyd edib ki, son bir neçə ildə faiz dərəcələrinin dinamikası AMB-nin likvidliyi idarə etmək imkanlarının genişləndiyini göstərir.
Morales Mərkəzi Bankın bu yaxınlarda faiz dəhlizinin aşağı həddini endirməsinə də toxunub. Onun sözlərinə görə, bu addım mövcud likvidlik şəraitinə uyğunlaşmaq, Mərkəzi Bankın bazarda iştirakını azaltmaq və kreditləşmənin inkişafını dəstəkləmək məqsədi daşıyır.
“Ümumilikdə, Mərkəzi Bank pul siyasəti çərçivəsinin gücləndirilməsi istiqamətində apardığı işlərdə uğurlu olub”, – “Fitch” rəsmisi bildirib.
Bununla yanaşı, Morales inflyasiyanın oxşar reytinqə malik ölkələrlə müqayisədə daha yüksək olduğunu qeyd edib. “Fitch” 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın təxminən 6,1%, 2027-ci ildə isə 5,6% təşkil edəcəyini gözləyir.
Onun sözlərinə görə, müqayisə edilən ölkələr üzrə orta inflyasiyanın bu il təxminən 4%, gələn il isə 3%-ə yaxın olacağı proqnozlaşdırılır.
Morales bildirib ki, inflyasiyanın daha aşağı səviyyəyə endirilməsi qarşıdakı dövrdə pul siyasəti baxımından əsas məsələlərdən biri olaraq qalacaq. (Apa)












