Məşhur onlayn ödəmə portalı Hesab.az-ın sahibi "Qolden Pey" ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yazılı götərişinə münasibət bildirib.
"Əlbəttə, buna sevinənlər və bununla bağlı çox narahat olan dostlarım var. Bildirmək istəyirəm ki, xəbərdarlıq məktubunda qeyd edilən qanun sığorta məhsulunun satışına görə endirim və ya hədiyyənin verilməsini qadağan edir, bazanın toplanmasına görə deyil. İstənilən halda, Palatanın məktubunu, planlaşdırdığımız əməkdaşlıqları və böyük layihələri nəzərə alaraq kampaniyanı dayandırırıq. Məlumdur ki, biz ölkədə nağdsız ödənişlərin inkişafına hansı töhvəni vermişik və verməkdə davam edirik. Ölkədə nağdsız ödənişlərin inkişafına ölkə rəhbərliyi səviyyəsində dəstək göstərilir. Əminəm ki, bizim ölkədə də sığortanın onlayn satışı inkişaf edəcək", deyə tanınmış iş adamı Facebook səhifəsində yazıb.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirilən sığorta bazarının monitorinqi zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixləri aralığında hədiyyəli yarışın keçirildiyi müəyyən edilib.
Məlumata görə, “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.
Palatadan isə “Qolden Sığorta Agenti” MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat verilib.