Ekspertlər manata ən böyük təhlükəni göstərdilər
Məlumat verdiyimiz kimi, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 2-2,25 faizdən 2,25-2,5 faizə çatdırılmasına qərar verilib.
Xatırladaq ki, FED baza faiz dərəcəsini başa çatmaqda olan bu il ərzində 3-cü dəfə artırdı. Belə ki, qurum uçot dərəcəsini martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırmışdı.
Eləcə də bax: Gələn il manatı nə gözləyir? - MÜSAHİBƏ
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, FED-in qərarı gözlənilən olduğuna görə dünya bazarları onu sakit qarşılayıb: “Bazarlarda elə bir ciddi dəyişiklik baş vermədi. Hətta valyuta bazarında dolların avroya, funtsterlinqə münasibətdə ucuzlaşması prosesi də davam etdi. Bunun əsas səbəbi isə budur ki, bazarlar, birjalar, fondlar qərara hazır idi. Əgər FED uçot dərəcəsini artırmasaydı, gözlənilməz qərar kimi bunun bazarlara təsiri olacaqdı. Dünyada dolların mövqeyinin güclənməsi üçün bir sıra amillər var. Bunlardan birincisi Amerika iqtisadiyyatının güclənməsidir. İkinci məsələ dolların əsas təqibçiləri olan avro və funtsterlinqin vətənində ciddi siyasi proseslərin getməsidir. Avropa və Böyük Britaniyadakı prosesləri nəzərdə tuturam”.
Ekspert bildirir ki, FED-in uçot dərəcəsi ilə bağlı qərarları Azərbaycanda manatın məzənnəsinə demək olar ki, təsirsiz olur: “Ümumiyyətlə, düşünürəm ki, neftin qiymətinin 50 dollardan yuxarı olduğu müddətdə hökumət manatın məzənnəsini sabit saxlaya biləcək. Qiymət 50 dollardan aşağı düşərsə, hökumətin manatın məzənnəsi ilə bağlı hansısa dəyişikliklərə getməsi mümkündür”.
İqtisadçı-ekspert Pərviz Heydərov da bildirir ki, FED-in qərarları Azərbaycan manatı üçün təhlükə yaratmır: “Qısa və konkret deyirəm: manatla bağlı heç bir təhlükə mövcud deyil. Azərbaycan manatının məzənnəsini FED-in qərarları deyil, neftin dünya bazar qiymətləri müəyyən edir. Sözügedən qiymətlər 50 ABŞ dollarından aşağı enməyənə qədər ölkəmizin valyuta bazarına psixoloji, 40 dollardan aşağı enməyənədək isə real təsir və təzyiq amilləri mövcud olmayacaq”.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.