"Caspian European Club" bu gün 12-ci "CEO Lunch Baku" təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov fəxri qonaq qismində tədbirdə iştirak edib.
FED.az bu barədə "Caspian European Club"a istinadən xəbər verir.
İ.Alışov bildirib ki, son aylarda bankların maliyyə vasitəçiliyi funksiyasının qismən bərpası müşahidə olunur: "Bundan əlavə, ilk özəl kredit bürosunun və kredit zəmanət mexanizminin yaradılması və fəaliyyətə başlaması, həmçinin daşınan əmlak reyestrinin yaradılması ilə bağlı işlərin yekunlaşması biznesin maliyyə xidmətlərinə daxil olma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.
O əlavə edib ki, əhalinin əmanətlərinin artımı müsbət hal olmaqla yanaşı, həm də öz növbəsində bank sektoruna etibarın göstəricisidir: “Belə ki, əhalinin əmanətlərinin göstəricisi 2017-ci il ərzində 1,5% (110 mln. manat) artaraq, 7,5 mlrd. manatı keçib. Son il ərzində milli valyutanın sabit kursu əmanətlərin dedollarlaşma prosesinin sürətlənməsinə səbəb olub (2017-ci ilin əvvəlləri ilə müqayisədə əmanətlərin dollarlaşma göstəricisi 80%-dən 66%-ə enib)”.
Tədbirdə 150-ə yaxın şirkət və təşkilat iştirak edib. "Caspian European Club"a daxil olan və buradakı iştiraklarını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.