Goldman Sachs-ın ardınca ABŞ-ın ən böyük bankı olan JPMorgan da Rusiyada fəaliyyətini dayandırır.
Eləcə də bax: "Moody's" Rusiyada fəaliyyətini - DAYANDIRIR
FED.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Rusiya mətbuatı da yazır ki, JP Morgan Chase Rusiyadakı işini dayandırdığını açıqlayıb. İnvestisiya bankında işi dayandırmaq qərarı Ukraynadakı vəziyyətlə izah edilib. Eyni zamanda qeyd ediib ki, JP Morgan bankın müştərilərinin öhdəliklərinin tənzimlənməsi ilə bağlı əməliyyatlarla məşğul olmağa davam edəcək.
Dünən Goldman Sachs, Wall Street-in ən böyük banklarından ilki olaraq Rusiyadakı işini dayandırdığını elan edib. "Goldman Sachs tənzimləyici və lisenziya tələblərinə uyğun olaraq Rusiyadakı biznesini dayandırır", - bankın açıqlamasında deyilir.
2021-ci ilin sonunda bankın Rusiyadakı ümumi kredit portfeli 650 milyon dollar təşkil edib ki, bunun da böyük hissəsi xarici tərəfdaşlar və ya borcalanlarla əlaqəli olub.
Goldman, bəzi rus əməkdaşlarının başqa yerdə işləmək xahişlərinə cavab olaraq, Moskvadakı işçilərinin bir hissəsini artıq Dubaya köçürür.
Citigroup Rusiyadakı əməliyyatların gələcəyini qiymətləndirdiyini bildirib. Citigroup hazırda Rusiyada ABŞ bankları arasında ən böyük nümayəndəliyə malikdir - təxminən 3000 işçi. 2021-ci ilin sonuna bankın Rusiya, yerli şirkətlər və onların kontragentləri və Rusiya Bankı ilə bağlı təxminən 9,8 milyard dollar krediti və aktivi var. (Marja)