Dünya Bankının (DB) proqnozlarına görə, Azərbaycan adambaşına düşən ümumi milli gəlirin (ÜMG) orta illik artım tempini 4,9 % həddində saxlayacağı təqdirdə, onun yüksək gəlirli ölkələr qrupuna daxil olması üçün təxminən 22 il lazım olacaq.
Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
FED.az xəbər verir ki, bankdan verilən məlumata görə, ölkədə adambaşına düşən ÜMG-nin orta illik artım tempi 2012-2022-ci illər ərzində 1,6 %, 2007-2022-ci illər ərzində isə 4,9 % təşkil edib. 2007-ci ildə ölkədə adambaşına düşən ÜMG 2 730 ABŞ dolları, 2012-ci ildə 4 820 ABŞ dolları, 2022-ci ildə isə 5 630 ABŞ dolları təşkil edib.
Dünya Bankının məlumatına görə, Qazaxıstanda bu göstərici 10 il ərzində 1,4 %, 15 il ərzində 4,4 %, Belarusda müvafiq olaraq 0,9 % və 3,5 %, Özbəkistanda 0,1 % və 7,2 %, Tacikistanda isə 0,6 % və 5,1 % təşkil edib.
Bankın analitiklərinin fikrincə, adambaşına düşən ÜMG həddi 14 005 ABŞ dolları olan yüksək gəlirli ölkələr kateqoriyasına daxil olmaq üçün Avropa və Mərkəzi Asiya ölkələrinin davamlı iqtisadi artıma yönəlmiş struktur islahatlarına ehtiyacı var.
Məlumata görə, regionun davamlı inkişafı əlçatan və təhlükəsiz enerjiyə keçid olmadan mümkün deyil: “Bu proses 2022-ci ildə Rusiyanın Ukraynaya hücum etməsindən sonra dünya təbii qaz bazarlarında tarixdə ən böyük şokla mürəkkəbləşib. Qaz və elektrik enerjisi qiymətlərinin artması regionun Rusiya enerji resurslarından asılılığını gücləndirib və enerji təchizatının şaxələndirilməsinin, neft və qaz idxalından asılılığın azaldılmasının, enerji səmərəliliyinin artırılmasının, bərpa olunan enerji mənbələrinin inkişafının zəruri olduğunu göstərib”.
Bundan əlavə, emissiyaların azaldılması üçün qabaqcıl texnologiyaların tətbiqi və nəqliyyat, sənaye və istilik kimi sektorların dekarbonizasiyası tələb olunur. Bu, xüsusilə də qalıq yanacaqla bağlı dövlət sektorunda əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olacaq.
Bildirilib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, enerji keçidinə qlobal investisiyalar 2030-cu ilə qədər ildə 4 trilyon ABŞ dolları (2023-cü il üçün qlobal ÜDM-in təxminən 4 %-i) təşkil etməlidir. Karbon neytrallığına nail olmaq məqsədilə əlavə investisiyaların qoyulması üçün hər il ÜDM-in daha 2 % həddində maliyyə vəsaitinə ehtiyac duyulur.
Dünya Bankının ekspertləri hesab edirlər ki, enerji effektivliyi və ekoloji cəhətdən “təmiz texnologiyalar”a keçid enerji xərclərinin azaldılmasını, biznesin rəqabət qabiliyyətinin artırılmasını, yeni iş yerlərinin yaradılmasını, innovasiyaların inkişafını təmin edəcək: “Enerji sisteminə əlavə investisiyalar enerji təchizatının etibarlılığını artırmağa və uzunmüddətli xərcləri azaltmağa kömək edəcək. Lakin modernləşdirmə avtomobillərdən tutmuş mobil telefonlara qədər digər texnoloji dəyişikliklərin tətbiqi ilə müqayisə edilə bilən əhəmiyyətli xərclər və vaxt tələb edir. Eyni zamanda, bu istiqamətdə addımların atılmaması daha baha başa gələcək. Azərbaycan, Qazaxıstan və Rumıniyaya iqlim dəyişikliyi nəticəsində dəyən ziyan artıq ÜDM-in ildə 1-2 %-nə, Özbəkistanda isə 10 %-dən çoxuna çatır. Amma istənilən texnoloji keçiddə olduğu kimi, yüksək ilkin xərclər istehlakçıların, biznesin və dövlətin üzərinə düşəcək. Onun uğurla həyata keçirilməsi üçün Mərkəzi Asiya regionu ölkələrinə idarəetmə ekspertizası, texnologiya və xarici kapital axını lazım olacaq. Bu tədbirlər iqtisadiyyatın enerji tutumunu, emissiyaları azaltmağa və davamlı iqtisadi artımı təmin etməyə imkan verəcək.
Xatırladaq ki, daha əvvəl Dünya Bankı Azərbaycanın yüksək gəlirli ölkələr qrupuna daxil olması üçün imkanları açıqlayıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yekunlarına əsasən ölkədə adambaşına düşən ÜDM 7 283 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ümumi milli gəlir iqtisаdi əlаqələr nəticəsində yаrаnаn (verilən və аlınаn) ilкin gəlirlərin sаldоsu nəzərə аlınmаqlа, rezident-vаhidlər tərəfindən əldə edilən ilкin gəlirlərin cəmidir. ÜMG ümumi dахili məhsuldаn, bаşqа ölкələrə verilmiş və yа bаşqа ölкələrdən аlınmış ilкin gəlirlər nəzərə аlınmаqlа hesаblаnır (əvvəllər ümumi milli gəlir ümumi milli məhsul аdlаnırdı). (Report)