Dünya Bankı Azərbaycan iqtisadiyyatının neft sektoruna alternativ ola biləcək istənilən sektorunun potensialını araşdırır.
Eləcə də bax: 2021-ci ildə Azərbaycan ÜDM-in artımı 2%, 2022-ci ildə - 2,5% Təşkil Edəcək
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Sara Maykl bildirib.
“Azərbaycan gələcəkdə də neft ixrac etməkdə davam edəcək, lakin neft ehtiyatlarının azalması fonunda onun ixracdakı payı aşağı düşəcək. Bu baxımdan biz diqqəti bir neçə sahəyə, xüsusilə də müəyyən bazaya malik kənd təsərrüfatı, turizm, ticarət və logistika kimi sahələrə yönəltmişik”, - S.Maykl deyib.
Onun fikrincə, Azərbaycanda yetişdirilən meyvə və tərəvəzlər regionda öz keyfiyyətinə görə tanınır.
“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə məhsuldarlıq yüksək səviyyədədir, lakin emalı hələlik lazımi səviyyəyə çatmayıb. Bu məhsulların postsovet və Avropa ölkələrinə ixrac potensialı da hələlik mənimsənilməyib”, - Sara Maykl hesab edir.
Onun sözlərinə görə, Azərbaycanda turizm sektorunun böyük potensialı var. Hazırda əsasən Fars körfəzi ölkələrindən böyük turist axını müşahidə olunur, lakin Azərbaycan turizmin müxtəlif növlərini inkişaf etdirmək potensialına malikdir. “Ölkədə həm varlı turistlərin, həm də əhalinin orta təbəqəsinin səfər etməsi üçün cəlbedici yerlər mövcuddur. Bundan başqa, “ASAN Visa” vasitəsilə elektron vizaların alınması proseduru sadələşdirilib. Pandemiyaya qədər aviauçuşlar üçün uğurlu birləşmə reysləri yaradılmışdı, xidmət keyfiyyəti də kifayət qədər yaxşıdır. Onlayn-sifarişlər üçün də yaxşı imkanlar yaradılıb. Xüsusilə də Bakıdan hansısa başqa bir ölkədə otel nömrəsi sifariş etmək çox asandır.
Azərbaycanın hansısa, o cümlədən uzaq regionlarında otelin əvvəlcədən sifariş edilməsi şərtlərinin yaradılması da ölkənin turizm potensialının artırılmasına kömək edər”, - Dünya Bankınn Bakı ofisinin rəhbəri deyib.
Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi ticarət və logistikanın inkişaf etdirilməsi, Çin və Avropa arasında yük daşımalarının həyata keçirilməsi baxımından yaxşı üstünlükdür. “Süveyş kanalında baş verənlər və onun dünya iqtisadiyyatına təsiri əlavə marşrutların zəruriliyini bir daha sübut edir, Azərbaycanın bu orta dəhlizdə yerləşməsi isə ölkənin böyük iqtisadi potensialından xəbər verir. Bu baxımdan dəmiryolu infrastrukturunun modernləşdirilməsi, rəqəmsal logistikanın qurulması üçün əlavə investisiyalar tələb olunacaq”, - S.Maykl əlavə edib.
Onun sözlərinə görə, 3 aydan sonra Azərbaycan üçün iqtisadi memorandum hazır olacaq. Bu analitik-tədqiqat işində bütün sektorlarda hər bir iqtisadi fəaliyyətin potensialı müəyyən ediləcək və tədqiqatlar aparılacaq.
Dünya Bankının Bakı ofisinin rəhbəri qeyd edib ki, bu, hər 5 ildən bir bank tərəfindən həyata keçirilən araşdırmalardan biridir. Azərbaycan üçün sonuncu analoji sənəd 2013-cü ildə tərtib edilib. (Report)