Dünya Bankı (DB) yaxın 2-3 ay ərzində Azərbaycana koronavirus pandemiyası ilə mübarizə üçün $95 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
Eləcə də bax: Dünya Bankı: Qarabağdakı bərpa işləri yeni strategiyaya - Daxil Ediləcək
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Sara Maykl bildirib.
“Hazırda biz Azərbaycan hökuməti ilə koronavirus infeksiyasına qarşı mübarizədə ölkə hakimiyyətinə dəstək məqsədilə layihənin (“COVID-19-a təcili reaksiya”) həyata keçirilməsini müzakirə edirik. DB layihənin reallaşdırılması üçün $95 milyon məbləğində kredit ayırmağı planlaşdırır”, - deyə Maykl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, layihənin sürətləndirilmiş prosedur üzrə təsdiq edilməsi planlaşdırılır və Bankın Direktorlar Şurası yaxın 2-3 ay ərzində vəsaitin ayrılmasını təsdiq edə bilər.
“Azərbaycan hökumətinin COVID-19 infeksiyası ilə əlaqədar müəyyən gözlənilməz xərcləri olub. Xüsusilə, bu xərclər infeksiyaya qarşı mübarizə tədbirləri, biznesə dəstək, əhalinin aztəminatlı təbəqələrinə sosial dəstəklə bağlı olub. DB-nin krediti Azərbaycan hökumətinə bu xərcləri qismən kompensasiya etməyə imkan verəcək”, - deyə Maykl əlavə edib.
2020-ci ildə Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi, eləcə də biznesin dəstəklənməsi üçün dövlət büdcəsindən təxminən 2 milyard manat (cari məzənnə ilə təxminən $1,2 milyard) və ya ÜDM-in 2,7%-ni ayırıb.
COVID-19 infeksiyası ilə əlaqədar səhiyyə sistemi, özəl biznes və dövlət şirkətlərinə 2020-2021-ci illəri əhatə edən dəstək proqramı 3,5 milyard manat məbləğində (cari məzənnə ilə $2 milyarddan çox) qiymətləndirilir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb. (İnterfaks)