"Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Hazırda İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnaməsinin təsdiqi və bu sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, proses yekunlaşdıqdan sonra ilin ortalarına yaxın investisiyaların yerləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək:
"Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən həmin qaydalarda investisiyanın ediləcəyi istiqamətlər müəyyənləşib. Burada xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki fondun investisiyalarını yatıracağı istiqamətlər maksimum dövlət zəmanəti ilə təmin olunmuş istiqamətlərdir. Çünki hər hansı bir risk olmamalıdır. İnvestisiya istiqamətləri qaydalarda müəyyən olunduğu kimi dövlət qiymətli kağızlarına və istiqrazlarına, Mərkəzi Bankın istiqrazlarına, sistem əhəmiyyətli banklarda depozitlərin yerləşdirilməsinə, eləcə də sadaladığımız qiymətli kağızlardan istifadə etməklə repo və əks-repo əməliyyatlarına yönəltmədən ibarət olacaq".
DSMF sədri bildirib ki, investisiyadan əldə olunan gəlirlər pensiya, sosial təminat sahəsində islahatların həyata keçirilməsinə və sürətləndirilməsinə sərf olunacaq.
"Bu il həmin istiqamətlər üzrə investisiyaların qoyulması nəzərdə tutulur. Hazırda bununla bağlı hazırlıq işləri həyata keçirilir". (Apa)