2025-ci ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən ümumilikdə 152 milyon 395,2 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
Bu barədə FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Geri qaytarılan vəsaitin 4 milyon 889,1 min manatı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 94 milyon 402,0 min manatı geri ödənilib.
Həmçinin fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 16 milyon 853,6 min manatı dövlət büdcəsindən vətəndaşlara geri qaytarılıb.
Yanvar-iyun ayları ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 36 milyon 250,5 min manat təşkil edib.