Mart ayında Azərbaycanda dollar satışının artması bu sahədəki panika və ya Mərkəzi Bankın bazara müdaxiləsi ilə bağla deyil. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun fikrincə, dolların satışının artmasının əsas səbəbi biznesin dollara tələbatının artması və dövlət qurumlarının öhdəliyni icra etməsi olub. FED.az ekspertin fikirlərini təqdim edir:
«Həftə boyu ən çox müzakirə olunan məsələlərdən biri 2018-ci ilin ilk rübündə əvvəlki ilin eyni dövrünə nisbətən Neft Fondu vasitəsilə xarici valyuta satışının artımı oldu. Fond bu ilin yanvar-mart ayında 1.3 mlrd. dollar satıbsa, 2017-ci ilin ilk 3 ayında təxminən 790 mln. dollar satmışdı. Yəni söhbət 65%-ə yaxın artımdan gedir.
Amma bu artım valyuta bazarında yaşanan panik vəziyyətlərdə olduğu kimi hökumətin bazardakı spekulyativ tələbə qarşı etdiyi təklif, yaxud Mərkəzi Bankın satış yönümlü müdaxiləsi deyil. Hətta spekulyativ tələb artsa belə, 2018-ci ilin ilk rübündə təkcə ticarət balansı çərçivəsində ölkəyə xarici valyuta axınlarının 30% artması narahatlığı aradan qaldırır. Yəni tədiyə balansı çərçivəsində ölkəyə valyuta axınlarının həcmi ölkədən çıxan valyuta həcmlərini üstələdiyi üçün məzənnə üçün risk xeyli aşağıdı. Məsələn, bu ilin yanvar-mart aylarında əmtəə ixracı 750 mln. dollar, mal idxalı 670 mln. dollar artıb.
Neft Fondunun valyuta satışlarının artması qaçılmazdır, çünki Fondun dövlət büdcəsi qarşısında öhədikləri ötən ilə nisbtən 50% çoxdur və Fond nəzərdə tutulan transfertləri MB-nin keçirdiyi hərraclar vasitəsilə satıb manat ifadəsində büdcəyə köçürməldir. 2018-ci ildə büdcənin də xərcləri artır - 3 ayda büdcə xərclərinin həcmi ötən ilin eyni dövrünə nisbətən təxminən 500 mln. manat (15%) çoxdur. Lakin burda başqa bir nüans da var: banklar vasitəsilə nağd valyuta alışıa da 300 mln. dollara yaxın artaraq 800 mln. dolları ötüb. Yəni bu ilin 3 ayında banklar vasitəsilə alınan nağd valyutanın həcmi satılan nağd valyutanın həcmini 130 mln. dollara yaxın üstələyib.
Valyutaya tələbatın artmasında ev təsərrüfatlarının payı elə də çox deyil. Məsələn, Mərkəzi Bankın 2 aylıq statiskasına görə, 2018-ci ilin yanvar-fevral aylarında banklar vasitəsilə nağd valyuta satışı təxminən 170 mln. dollar artaraq 550 mln. dollara yaxın olub. Halbuki yuxarıda da qeyd elədiyim kimi təkcə Neft Fondunun valyuta satışı 500 mln. dollardan çox artıb. Tələbatın artımını formalaşdıran aparıcı 3 mənbə var:
1) bank sektoru - bu ilin 2 ayının yekunlarına görə, kommersiya banklarının xarici aktivlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın (1.8 mlrd. dollar) artaraq 1.8 mlrd. dollardan 3.5 mlrd. dollara çatıb. Şübhəsiz ki, xarici aktivlərin alınması üçün bankların tələbatının müəyyən hissəsi bilavasitə daxili valyuta bazarı vasitəsilə ödənilir (hansısa hissəsinin xarici borclar hesabına da maliyyələşdirilməsi mümkündür).
2) Biznesin tələbatı. 2018-ci ilin 3 ayında özəl sektorun idxalının dəyəri 30%-dən çox (400 mln. dollar) artaraq 1.7 mlrd. dollara yaxınlaşıb. İlkin qiymətləndirmələrə görə, istehsal təyinatlı (istehsal məqsədli müxtəlif istehsal vasitləri) əmtəələrin idxalı ötən ilə nisbətən 300 mln. dollardan çox artıb;
3) Dövlət sektorunun ehtiyacları. 2018-ci ilin 3 ayında dövlət sektorunun idxalı 2.5 dəfədən çox artaraq 144 mln. dollardan 390 mln. dollara çatıb.
Bir reallıq ortadadır: hökumət 2018 ildə genişmiqayaslı tikinti layihələri hesabına son 3 ildə davam edən iqtisadi tənəzzülü dayandırmağı hədəfləyib. Təkcə dövlət büdcəsi vasitəsilə investisiya xərclərinin 2 dəfə artırılması bunu təsdiqləyir. Həmin investisiya xərclərinin əhəmiyyəti hissəsi podratçı və subpodartçı qismində özəl sektor vasitəsilə icra edildiyi üçün biznesin idxal ehtiyaclarının artımı reallıqdır.
2015-2017-ci illərdə Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi iqtisadi inkişafın deyil, tam iqtisadi durğunluğun nəticəsi idi. Hərəkətə yoxdusa, inkişaf da yoxdu. Biznes və dövlət sektoru tələbatları dondurub saxlamışdı. İndisə isə artan neft gəlirəri hesabına iqtisadi aktivlik hansı tempdə bərpa olunursa, valyuta bazarının dinamikliyi də həmin templə bərpa olunacaq. Təbii ki, investisiya xərclərinin müəyyən hissəsi əhalinin qazancları kimi həm də ev təsərrüfatları vasitəsilə valyuta bazarına gedəcək».
«Dollar satışının artması qaçılmazdır» - EKSPERT
01:09
16 Aprel 2018