“Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlara bu gün bank kartlarının verilməsi prosesinə başlanılıb.
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında (KOBİA) sahibkarlara bank kartlarını paylayıb.
Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank " və "Turan Bank" vasitəsilə həyata keçiriləcək: "Bu gün 57 sahibkara 570 min manat ödəniləcək. Bu gün həmçinin 90 sahibkar ərizə ilə müraciət edib. Bu gedişlə gələn həftənin sonuna maddi yardımın paylanılmasını yekunlaşdıra bilərik".
Eləcə də bax: “Diqlas”da mağazası və anbarı yananlara 10 min, piştaxtası yananlara 2 min manat veriləcək - AÇIQLANDI
Belə ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bu maddi yardımdan xidmət haqqı tutmayacaqlar. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar. Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi əlavə olunub.