Müasir dünyada iri şirkətlər tərəfindən yaradılmış mühit insanları qazandıqları hər manatı dərhal xərcləməyə, hətta gələcək gəlirlərini də kreditlər vasitəsilə indidən sərf etməyə təşviq edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, amma maliyyə müstəqilliyinə çatmış insanların təcrübəsi göstərir ki, maliyyə cəhətdən işlərin yaxşı getməsi təkcə nə qədər pul qazanmaqdan deyil, həm də qazanılan pulu necə idarə etməkdən asılıdır.
Pulun düzgün idarə olunması 3 istiqamət üzərində qurulur: müdafiə, genişlənmə və kapitalın böyüməsi.
Maliyyə planlamasına başlayarkən ilk addım riskləri sıfırlamaqdır.
1-Cİ İSTİQAMƏT – Maliyyə risklərindən qorunmaq
1. Fövqəladə hal fondu
Bazarlardakı böhranlar, kəskin devalvasiya və ya sadəcə qəflətən işinizi itirdiyiniz zaman pulsuz qalmamaq üçün ən azı 3–12 aylıq xərc büdcəsi yaratmaq lazımdır. Yəni evdə bu müddətdə dolanmaq üçün pul olmalıdır. Əsas xərcləri (mənzil (əgər kirayədəsinizsə), yemək, kommunal xidmətlər, kreditlər) qarşılamaq üçün bu pulu likvid depozitdə saxlamalısınız.
“Bankrate” maliyyə araşdırma mərkəzinin illik sorğularına əsasən, əhalinin 59%-dən çoxunun qəflətən problemlə üzləşəndə aylıq 1 000 dollarlıq təcili xərcləri qarşılamaq üçün pulu olmur və onlar kredit kartı açmağa məcbur olurlar. İqtisadçılar və hesablamalar göstərir ki, 3–6 aylıq fövqəladə hal fondu olan ailələr böhran zamanı müflisləşmə riskini 75% azaldırlar. Ona görə də hər bir ailə özünün aylıq xərcini hesablamalı və onun 3–6 misli qədər əlində pul saxlamalıdır. “Bizdə belə hal olmaz” deməyin, lənət şeytana, həmişə hər şey qəflətən baş verir, hər şey dəyişir – bu, dəfələrlə sübut olunub.
2. Sağlamlığa investisiya yatırmaq
Başımız pula, var-dövlətə qarışa bilər, amma unutmayaq ki, insanın ən böyük aktivi işləmək və dəyər yaratmaq qabiliyyəti – yəni sağlamlığıdır. Fiziki və psixi sağlamlığa fikir verməyəndə gələcəkdə toplanmış sərvətin böyük hissəsi tibbi xərclərə, həkimə, dərmana xərclənir.
Harvard Universitetinin aparıcı tədqiqatları sübut edir ki, hər gün sağlam həyat tərzinə (müntəzəm idman, düzgün qidalanma və profilaktik tibbi müayinələr) qoyulan hər 1 dollarlıq investisiya 50 yaşdan sonra kəskin tibbi xərclərə gedəcək 3,27 dollara qənaət etməyə imkan verir.
2-Cİ İSTİQAMƏT – Gəlir imkanlarını artırmaq
Yalnız xərcləri kəsməklə varlanmaq mümkün deyil; əsas diqqət gəlir mənbələrini artırmağa yönəlməlidir.
3. Yüksək gəlirli bacarıqlar (Income Skills)
İlk baxışdan ciddiyə almasaq da, sübut olunub ki, bazar dəyəri yüksək olan texniki, biznes və ya idarəetmə bacarıqlarına yiyələnmək adamın saatlıq və ya aylıq qazancını dəfələrlə artıra bilər.
Dünya İqtisadi Forumunun (WEF) “Future of Jobs” araşdırmaları göstərir ki, insanların bir hissəsi gəlirlərini hər il inflyasiyadan 2 dəfə daha sürətlə artıra bilir. Və bu adamların 84%-i il ərzində ən azı 1 dəfə yeni texniki və ya rəqəmsal bacarığa (upskilling) yiyələnən şəxslərdir. Bunlar hansı bacarıqlardır? Məsələn, Aİ ilə işləmək, sadəcə Excel-i öyrənmək, videoların montajını öyrənmək və sair.
4. Şəxsi brendləşmə və əlaqələr şəbəkəsi qurmaq
Öz sahənizdə peşəkar kimi tanınmaq və geniş işgüzar şəbəkəyə malik olmaq yeni layihələrə, tərəfdaşlıqlara və investisiya imkanlarına qapı açır.
Stenford Biznes Məktəbinin apardığı tədqiqatlar göstərir ki, yüksək gəlirli mütəxəssislərin və sahibkarların əldə etdikləri iş və ya investisiya imkanlarının 70%-dən çoxu açıq vakansiyalar vasitəsilə deyil, şəxsi peşəkar əlaqələr şəbəkəsi (network) vasitəsilə reallaşır.
5. Şəxsi biznes və əlavə iş
Maliyyə təhlükəsizliyini təmin etmək və gəlirləri artırmaq üçün dünyada illərdən bəri sınanmış üsullardan biri də əsas işinizdən kənar kiçik biznes və ya layihələrə başlamaqdır. Bu vəziyyət adamın tək bir maaşdan asılılığını aradan qaldırır.
ABŞ Vergi İdarəsinin (IRS) statistikası və ABŞ-da milyonçular arasında aparılan araşdırmalar göstərir ki, öz gücünə milyoner olan insanların (self-made millionaires) 65%-nin ən azı 3 fərqli mənbədən gəliri, 29%-nin isə 5 və daha çox gəlir mənbəyi var.
Başqa sözlə, hər iki milyonçudan biri azı 3 mənbədən gəlir alır. Hər 3 milyonçudan 1-i isə azı 5 mənbədən gəlir əldə edir.
3-CÜ İSTİQAMƏT – Passiv gəlir və məhsuldar aktivlər
Pulu qazanmaq azdır, onu normal və səmərəli idarə etmək də lazımdır ki, insanın maliyyə imkanları genişlənsin və real maliyyə azadlığı yaransın.
6. Gəlirli aktivlərə yatırımlar (Productive Assets)
Təcrübə göstərir ki, insanlar pullarını lüks əşyalara (tez dəyərdən düşən avtomobillərə, brend geyimlərə, bahalı telefonlara) deyil, pul gətirən aktivlərə – daşınmaz əmlaka, fermerlik və kənd təsərrüfatı layihələrinə və ya gəlirli biznes hissələrinə yatırmalıdırlar.
Robert Şiller (Robert Shiller) və Yel Universitetinin (Yale University) apardığı araşdırmalara əsasən, son 100 ilin tarixi iqtisadi məlumatları göstərir ki, avtomobillər və onlar kimi digər istehlak malları alındığı andan etibarən 5 il ərzində dəyərinin 60%-dən çoxunu itirir.
Əksinə, gəlirli əmlak və ya biznes qurmaq adama illik inflyasiyanı 4–6% üstələyən illik mürəkkəb artım (CAGR) gətirir.
7. Diversifikasiya olunmuş portfel – Pulu bir yerə yatırmayın
Pulları səmərəli idarə etmək təkcə gəlir yaratmaq deyil, həm də həmin gəliri artırıb möhkəm saxlamaqdır. Buna görə də vəsaitləri bir neçə gəlirli istiqamətə yerləşdirmək lazımdır.
Böyümə aktivləri: İndeks fondları (məsələn, S&P 500) uzunmüddətli kapital böyüməsi verir.
Sabit gəlir aktivləri: Dövlət istiqrazları və bank depozitləri sabit faiz axını təmin edir.
Qlobal imkanlar: Kapitalı yalnız bir ölkənin valyutasına və ya bazarına bağlamayıb beynəlxalq alətlər üzrə diversifikasiya etmək riskləri minimuma endirir.
Belə ki, məşhur investor Uorren Baffet (Warren Buffett) öz vəsiyyətnaməsində həyat yoldaşı üçün toplanan kapitalın 90%-nin S&P 500 indeks fonduna, 10%-nin isə qısamüddətli dövlət istiqrazlarına yatırılmasını tapşırıb. Tarixi göstəricilərə görə, “S&P 500” indeksi son 90 ildə inflyasiyadan sonra illik orta hesabla təxminən 10% gəlirlilik gətirərək peşəkar fond menecerlərinin 92%-indən daha yaxşı nəticə göstərib.
Çoxlu pul bizə nə verir? – Biz niyə böyük sərvət əldə etmək istəyirik?
Əksəriyyətin səhv düşündüyü kimi, pulun idarə olunmasının – yəni böyük gəlirlər əldə edilməsinin əsas məqsədi daha çox əşya almaq deyil. Əsas məqsəd zaman azadlığına çatmaqdır. Söhbət adamın istədiyi vaxt istədiyi işlə məşğul olmasından gedir.
Bunun üçün maliyyə azadlığı lazımdır, bu isə yalnız maliyyə planlaması ilə mümkündür.
Yəni aydın bir fəaliyyət planı ilə hər il müntəzəm investisiya etdikdə, mürəkkəb faizin gücü hesabına toplanan kapital təkcə gəlirlərinizi təmin etmir, həm də gələcək nəsilləriniz üçün sağlam bir maliyyə irsi yaradır.
Bu gün etdiyiniz seçimlər bir anlıq xərcləmə həvəsi ilə gələcək azadlıq arasında verdiyiniz qərarlardır.













