Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb.
Eləcə də bax: Azərbaycanda güzəştli kreditləşmənin həcmi - KƏSKİN ARTIB
Fonddan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.
-Şəkər tozu istehsalı;
-Günəbaxan yağı istehsalı;
-Marqarin istehsalı;
-Kərə yağı istehsalı;
-Un istehsalı;
-Makaron məmulatlarının istehsalı.
Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kreditlərin subsidiyalaşdırılması üçün krediti verən təşkilata müraciət edə bilərlər. Subsidiyalaşdırılma kredit təşkilatları tərəfindən Fonda daxil olmuş müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.
Qeyd edilib ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur. Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.