Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi təklif edilib.
FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı fikir səsləndirib.
O qeyd edib ki, bələdiyyələrin büdcədənkənar gəlirləri ilə bağlı məqamlara yenidən baxılmalıdır:
“Azərbaycanda bələdiyyələrin sayını qonşu ölkələrlə müqayisə etdikdə məlum olur ki, onların birləşdirilməsi növbəti mərhələdə də aktualdır. Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub.
Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq.
Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olduğunu onların güclü institut kimi formalaşmasını və inkişafını xüsusi təşviq etmir. Təbii ki kənar maliyyə mənbələri genişləndikcə, büdcə vəsaitlərinə tələb də azalmalıdır”.
Deputat Əli Məsimli bildirib ki, bələdiyyələrin maliyyə dayanıqlılığını təmin etmək üçün dövlət maliyyəsi ilə yanaşı, çoxmənbəli maliyyə sisteminə keçilməsi vacibdir. (Report)