“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilən məlumata əsasən, 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilən 11 290 inzibati akt (2023-cü il ərzində 5 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 785 inzibati akt olub. Onlardan 6 669 aktın (2023-cü il ərzində 7 523) icrası təmin edilib.
77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
FED.az xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzədə bildirilib ki, dövlət büdcəsində yerli büdcələrə dəstək üçün nəzərdə tutulan dotasiya və subvensiyaların məbləğinin əvvəlki illə müqayisədə artırılması yerli özünüidarəetmənin inkişafına dövlət tərəfindən verilən önəmin daha bir göstəricisidir.
Belə ki, 2024-cü il ərzində dövlət büdcəsindən bələdiyyələrə göstərilən maliyyə dəstəyinin (dotasiya və subvensiya) məbləği artaraq ilk dəfə 8 milyon manatdan çox vəsait ayrılıb.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.