Gələn ilin aprelində Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumu keçiriləcək.
FED.az xəbər verir ki, forum Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Forumda mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və mühasibat uçotu, büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri, kommersiya qurumlarında uçot və hesabatın problemləri, mühasibat proqramları təminatında müasir çağırışlar, təhsil və sertifikasiya, mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları mövzuları üzrə bölmələr təşkil olunacaq.
Forum çərçivəsində, həmçinin "2018-ci ilin mühasibat uçotu sahəsində ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyaları üzrə müsabiqələr də keçiriləcək. Forumda iştirak üçün qeydiyyat artıq başlayıb. Maraqlananlar http://www.mmf.az səhifəsinə daxil olub qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Milli Mühasiblər Forumu mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədilə hər il forum keçirir. Tədbirin reallaşmasında əsas məqsəd mühasibləri, sahənin alimlərini, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr toplamağa nail olmaqdır. İlk forum bu ilin aprelində təşkil olunub.