Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda Forum öz işinə başlayıb. Bu barədə FED.az-a Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib.
Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarətdir.
Vergilər naziri Mikayıl Cabbarov Forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən vergilər naziri bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.
IOTA-nın Baş katibi Migel Silva Pinto beynəlxalq Forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Forum öz işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər. IOTA-nın Katibliyinin nümayəndələri Forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadənin perspektivləri barədə çıxış ediblər.
Forum öz işini fevral ayının 21-dək davam etdirəcək.